Berdımuhəmədov: “Türk tərəfdaşlarımız Türkmənistan enerjidaşıyıcılarının dünya bazarına birgə çıxarılmasına böyük maraq göstərir”
Türkmənistan, Türkiyə və Azərbaycan prezidentləri 2015-ci ildə Aşqabadda Transanadolu qaz kəməri layihəsinin irəliləməsi və transxəzər qaz kəmərinin çəkilişi üzrə sammit keçirəcəklər.
Strateq.az Türkiyə mətbuatına isnadən xəbər verir ki, bu barədə bu gün Türkiyə və Türkmənistan prezidentlərinin – Rəcəb Tayyip Ərdoğan və Qurbanqulu Berdımuhəmədovun birgə bəyanatında bildirilib.
Prezident Ərdoğan birifinqdə deyib: “Məsləhətləşmələrin səviyyəsinin liderlərə yüksəldilməsi və ilk toplantını Türkmənistanda keçirmək barədə qərar qəbul edilib”.
Türkmənistan prezidenti bildirib ki, energetik sahədə tərəfdaşlığın yeni perspektiv yönləri strateji önəmə malikdir: “Türk tərəfdaşlarımız Türkmənistan enerjidaşıyıcılarının dünya bazarına birgə çıxarılmasına böyük maraq göstərir. Buna görə də hazırda həmin layihələrin praktikada gerçəkləşməsi məqsədilə beynəlxalq-hüquqi bazanın yaradılması üzərində iş davam edir”.
Ərdoğan brifinqdə bildirib ki, “Danışıqların gedişində türkmən qazının Türkiyəyə, Türkiyədən isə Avropa bazarlarına nəqli barədə fikir mübadiləsi oldu. Hər iki dövlət bu məsələ üzrə oxşar mövqeyə malikdir”.
Qeyd edək ki, söhbət Türkmənistanın Ankara ilə Bakının gerçəkləşdirməkdə olduğu Transanadolu qaz kəmərinə (TANAP) qoşulmaqla türkmən qazının Avropaya nəqlindən gedir.