Amerikanın məşhur yayım şirkəti olan Netflix uşaqların baxmasına icazə verilən filmlərdə tütün məmulatlarının nümayişindən imtina edəcək.
Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, bundan sonra 14 yaşından az uşaqların baxması üçün məsləhət görülən bütün layihələrdə (buna seriallar daxildir) və 13 yaşınadək azyaşlıların tamaşa edəcəyi tammetrajlı filmlərdə həm adi, həm də elektron siqaretlərin çəkilməsi səhnələrinin nümayişinə icazə verilməyəcək. Daha yaşlı auditoriya üçün nəzərdə tutulan ekran əsərlərində isə aktyorlar zərurət olmadıqda tütün məmulatlarından istifadə səhnələrinə yer verməyəcək. Bu halda bədii düşüncənin çatdırılması və ya tarixi-mədəni kontekstin təqdim edilməsi istisna ola bilər.
Netflix şirkətinin rəhbərliyi vurğulayıb ki, bu ilin sonunadək tamaşaçılara filmə tamaşa etməzdən əvvəl bu və ya digər filmdə tütün məmulatlarından istifadə səhnəsinin olması barədə xəbərdarlıq ediləcək. Məlumatda deyilir: “Netflix bədii təsvir üsullarını tam şəkildə dəstəkləyir, lakin eyni zamanda, biz başa düşürük ki, siqaret çəkmək təhlükəlidir və onun müsbət qəhrəmanların iştirakı ilə təqdim edilməsi gənclərə mənfi təsir edə bilər”.
CNN-in xəbərində bildirilir ki, Netflixin bu addımı “The Truth Initiative” (“Həqiqət təşəbbüsü”) təşkilatının hesabatı ilə əlaqədardır. Belə ki, bu hesabatda bildirilir ki, Netflix öz serialları və filmlərində siqaret çəkilməsi səhnələrinə daha çox yer verir. Ekspertlərin rəyinə görə, bu hal 2016-2017-ci illərdə lentə alınan ekran əsərlərində daha çox artıb.