Birləşmiş Ərəb Əmirlikləri ölkədə turistlər üçün ilk kosmodromun yaradılması barədə danışıqlar aparır. Bu layihənin həyata keçirilməsi bir neçə meyardan asılıdır.
Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Kosmik Agentliyinin sədri Əhməd Al Falasi açıqlama verib.
Bu layihə ilə əlaqədar danışıqların hələ ilkin mərhələdə olduğunu bildirən Al Falasi deyib: “Danışıqlar aparılır və bu layihənin həyata keçirilməsi bir neçə meyardan asılıdır. Bizim üçün, bir sərmayəçi kimi, ilk növbədə, sərmayələrin necə işləyəcəyi və bu layihənin davamlı olmasına əminlik vacibdir. Bu layihəyə tələbat olduğu halda biz ölkəmizdə kosmodromun yerləşdirilməsinə çox şad olarıq”.
Xatırladaq ki, bu ilin əvvəlində BƏƏ-nin Kosmik Agentliyi və britaniyalı milyarder Riçard Brensona məxsus “Virgin Galactic” şirkəti arasında Al-Ayn əmirliyinin beynəlxalq hava limanından turistlər üçün kosmik uçuşların təşkili və həyata keçirilməsi sahəsində razılıq əldə olunub. “Virgin Galactic” şirkəti turistlərin kosmosa uçuşlarını təşkil edən ilk kommersiya şirkəti olmaq niyyətindədir.