XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 17:54

Britaniya sənayeçiləri hökumətə xəbərdarlıq ediblər- "Brexitlə bağlı"

Britaniya Sənayeçilər Konfederasiyası (CBI) Brexitlə bağlı hökumətə xəbərdarlıq edib. CBI bəyan edib ki, nə Avropa İttifaqı (Aİ), nə də London Baş Nazir Boris Consonun bəyan etdiyi kimi, oktyabrın 31-də sazişsiz Brexitə hazır deyillər. Məlum olduğu kimi, hökumətin yeni başçısı nazir Maykl Qova sazişsiz Brexit planı ilə əlaqədar göstəriş verib. O, Sunday Times qəzetinə müsahibəsində bildirib ki, Aİ ilə danışıqları davam etdirəcək, lakin ən real variant sazişsiz Brexitdir.

Azərtac BBC telekanalının saytına istinadla xəbər verir ki, CBI-nin bəyanatında deyilir: “Birləşmiş Krallıq Brexitlə bağlı öz planlarını yerinə yetirməyə hazırlandığı bir vaxtda bu addımın fəsadlarını da gözdən qaçırmaq olmaz. Saziş olmadan Aİ-ni tərk etmək iqtisadiyyatda böhran və iş yerlərinin itirilməsi ilə nəticələnə bilər”. Sənayeçilər qeyd edirlər ki, artıq sazişsiz Brexit ehtimalı hər iki tərəfə milyardlarla avro zərər vurub. Onların sözlərinə görə, iri şirkətlər bu varianta hazır olmaq üçün tədbirlər görsə də, kiçik firmalar daha müdafiəsiz vəziyyətdə qalıb.

CBI-nin minlərlə şirkət, o cümlədən Böyük Britaniya iqtisadiyyatında həlledici söz sahibi olan 50 assosiasiya arasında apardığı sorğuya əsasən hazırladığı hesabatda göstərilir ki, Brexit heç bir saziş olmadan həyata keçirilərsə, o zaman ölkə iqtisadiyyatının 27 sektorundan 24-ü ciddi zərərlə üzləşəcək. Konfederasiyanın baş direktor müavini Coş Hardi deyib: “Saziş bizim üçün olduqca əhəmiyyətlidir, biz yalnız belə olan halda iqtisadiyyatı səmərəli idarə edə bilərik. Əgər siz fırtınanın yaxınlaşdığını görürsünüzsə, o zaman onun qarşısını almaq üçün qum kisələri hazırlamalısınız. Bu, sizin bütün dalğanı dayandıracağınız anlamına gəlmir, ola bilər ki, artıq mətbəxinizi itirmişiniz, amma evinizdəki yataq otağını qoruya bilərsiniz”. Hardi bu məsələ ilə əlaqədar yeni hökumətlə biznesmenlər arasında təcili iclas keçirilməsini tələb edib. CBI-nin baş direktoru Karolin Feyrbayrn da hökuməti bu məsələdə daha diqqətli olmağa çağırıb.

Birləşmiş Krallıq hələ martın 29-da Aİ-ni tərk etməli idi. Lakin sabiq Baş Nazir Tereza Mey prosesin oktyabrın 31-dək uzadılmasını təklif etmişdi.

CBI-nin bəyanatını şərh edən hökumət sözçüsü bildirib ki, yeni kabinet üzvləri oktyabrın 31-nə hazırlıqla əlaqədar sənayeçilərin təkliflərini müzakirə etməyə hazırdırlar. O əlavə edib ki, Baş Nazirini göstərişi əsasında sazişsiz Brexit üçün maliyyə fondları yaradılır, ictimaiyyətin və biznes icmasının bu prosesə hazırlanması istiqamətində mühüm işlər görülür.