XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2019 - 19:33

Yens Stoltenberq:"Brexit NATO-nun Avropada rolunu möhkəmlədəcək"

Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi (Brexit) NATO-nun Avropadakı rolunu möhkəmlədəcək, çünki Brüsseldən ayrılan Birləşmiş Krallıq alyansın tərkibində qalacaq.

Azərtac NATO-nun mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, bu fikri Yeni Zelandiyada səfərdə olan təşkilatın baş katibi Yens Stoltenberq səsləndirib.

NATO-nun rəhbəri tələbələr qarşısında çıxışında deyib: “Brexit sayəsində NATO Avropa ölkələrinin və Şimali Amerikanın birliyini qoruyub saxlamaq üçün daha mühüm platformaya çevriləcək. Çünki Böyük Britaniya və digər Avropa ölkələri əvvəlki kimi alyansın tərkibində olacaqlar”.

Baş katib xatırladıb ki, Brexit Londonun NATO-da üzvlüyünə əngəl olmayacaq. O əlavə edib: “Brexitin hansı tarixdə olacağından asılı olmayaraq, Avropada ən böyük hərbi büdcəsi olan Böyük Britaniya alyansın əsas və mühüm müttəfiqi olaraq qalacaq”.

Qeyd edək ki, Böyük Britaniya bu il martın 29-da Aİ-ni tərk etməli idi. Lakin Britaniya parlamenti sabiq Baş Nazir Tereza Meyin bu proseslə bağlı irəli sürdüyü sazişin layihəsini iki dəfə rədd edib və bundan sonra Brexitin tarixi oktyabrın 31-nə təyin edilib. Hazırkı Baş Nazir Boris Conson isə həmin tarixdə Birləşmiş Krallığın Aİ-ni sazişsiz tərk edə biləcəyini bildirib.