XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2019 - 09:32

İranın Almaniya ilə ticarəti azalır –Almaniya şirkətləri sanksiyaları nəzərə alır

Almaniya-İran ticarətinin azalması ABŞ sanksiyalarının ölkələrin kommersiya seçimlərinə təsirini üzə çıxarıb. 

Şirkətlər Tehranla biznes qurarkən sanksiyaları nəzərə alırlar.

Bu ilin ilk altı ayı ərzində Almaniyadan İrana ixrac 48 faiz azalaraq 759 milyon dollara düşüb. Məlumatı “Reuters” yayıb.

İrandan Almaniyaya satış isə 43 faiz azalıb, 123 milyon dollara enib.

“Almaniya şirkətləri İran və Birləşmiş Ştatlardakı bazar fəaliyyətləri arasında seçim etməli olurlar və hansı bazara üstünlük verildiyi aydındır”, – BGA ticarət assosiasiyasından “Reuters”ə bildirilib.

Birləşmiş Ştatların son sanksiyaları İranla ticarət edən üçüncü ölkə şirkətlərinin cəzalandırılmasını nəzərdə tutur.

Instex proqramı hələ işə düşməyib

Sanksiyalar qüvvəyə minəndən İranın neft hasilatı günə 300 min barrelə düşüb. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il İran iqtisadiyyatı 6 faiz azalacaq. İşsizlik isə yüksək olaraq, 12 faiz səviyyəsindədir.

Ötən il ABŞ Prezidenti Donald Tramp İranla 2015-ci il nüvə sazişindən çıxıb, sanksiyaları bərpa edib.

Sazişə imza atmış digər ölkələr – Almaniya, Fransa və Britaniya onu xilas etməyə çalışırlar. Bundan ötrü İran üçün ərzaq və dərman almağa imkan verən barter sistemi hazırlayıblar. Instex adlı bu proqram icrasını gözləyir.

Tehran isə neft satışına imkan verilməsinə çalışır. Ölkənin bank sənayesi də ABŞ sanksiyalarına məruz qalıb.

Tramp dəfələrlə deyib ki, “maksimum təzyiq” kampaniyası aparmasına baxmayaraq iranlılarla danışıqlar aparmaq istəyir.

Tehran isə Birləşmiş Ştatların hərəkətlərini “iqtisadi terror” adlandırır.

Bu ayın əvvəlində İran Hörmüz boğazından enerji ixracını bloklamaqla hədələyib. Dünya neftinin beşdə biri bu boğazdan keçir.

Tehran daha nüvə sazişinə əməl etməyə borclu olmadığını bildirir. Tehran artıq ağırlaşdırılmiş su, az zənginləşdirilmiş uran ehtiyatını artırdığını bəyan edib. (azadliq.org)