Cəbbərültariqdə altı həftə öncə saxlanmış İran supertankeri Britaniyaya məxsus bu ərazidən çıxmağa hazırlaşır, adı və bayrağı dəyişdirilir.
İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Cəlil Eslami avqustun 16-da dövlət televiziyasında deyib ki, Grace 1 bundan sonra İran bayrağıyla üzəcək.
“Sahibinin xahişilə Grace 1 Aralıq dənizinə yola düşəcək, o, İran İslam Respublikasının bayrağını daşıyacaq, adı da Adrian Darya olacaq. Gəmi Rusiya mənşəli idi və Panama bayrağıyla üzürdü, 2 milyon ton İran neftini daşıyır”, – o deyib.
Cəbbərültariqin Baş naziri Fabian Picardo bu gün deyib ki, altı həftə qabaq saxlanmış supertanker hazır olan kimi yola düşə bilər. O əlavə edib ki, ərazinin Ali Məhkəməsi ABŞ-ın Grace 1 tankerinin yola düşməsini əngəlləməyə yönəlik istənilən cəhdini nəzərdən keçirəcək.
Bundan öncə Birləşmiş Ştatlar bildirib ki, supertankerin ekipajı ABŞ-ın viza qadağasına məruz qala bilər. Dövlət Departamentinin bildirməsinə görə, Grace 1 İranın İslam İnqilab Keşikçiləri Korpusuna yardım edir. Vaşinqton bu qüvvəni “terrorçu təşkilat” sayır. (azadliq.org)