Gürcüstanın Rustavi-2 televiziyası jurnalistlərinin əksəriyyəti həmkarlarından bir neçəsini işdən çıxarmasına etiraz olaraq işdən gedib.
Jurnalastlər qərarı avqustun 21-də açıqlayıblar. Bundan bir gün öncə isə yeni baş direktor Paata Salia beş aparıcı müxbir və aparıcını işdən çıxarıb.
Vaxtilə Gürcüstanın əsas müxalifət telekanalı olan Rustavi-2-nin yeni sahibi Kibar Xalvaşı bir neçə gün qabaq media orqanını satmaq niyyətini açıqlamışdı.
Xalvaşı avqustun 12-də deyib ki, Rustavi-2 borclarına görə “fəlakətli” maliyyə durumundadır və buna görə əvvəlki director Nika Qvaramianı suçlayıb.
Təxminən bir ay qabaq isə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstan Ali Məhkəməsinin 2017-ci il mart qərarını qüvvədə saxlayıb. Məhkəmə qərarıyla Rustavi- 2 üzərində indiki hökumətə yaxın Xalvaşının sahibliyi bərpa olunub.
AİHM-nin qərarından sonra Gürcüstanın İctimai Reyestri Rustavi 2-ni Xalvaşıya qaytardı, o isə dərhal Qvaramianı işdən çıxardı.
Tənqidçilərin fikrincə, Xalvaşının telekanalda elədikləri administrasiyanın gələn ilə planlaşdırılan parlament seçkiləri öncəsi mediada siyasi narazılığı boğmaq cəhdidir.
Ancaq Xalvaşı vaxtilə müxalifətdə olmuş telekanalı siyasi və maliyyə baxımından müstəqil edəcəyini deyir. (azadliq.org)