Gürcüstanda müxalif “Rustavi-2” telekanalının keçmiş baş direktoru Nika Qvaramia deyib ki, “Baş kanal” adlı yeni teleşirkət açır.
Qvaramia “Rustavi-2” telekanalının keçmiş sahibi, biznesmen Kibar Xalvaşıyə qaytarılması barədə məhkəmə qərarından sonra vəzifəsindən azad edilmişdi.
Qvaramia yeni telekanala ilk növbədə “Rustavi-2” telekanalının Post Scriptum verilişinin keçmiş aparıcısı Georgi Qabunianı dəvət edib.
Georgi Qabunia canlı efirdə Rusiya prezidenti Vladimir Putini ağır söyüşlərlə təhqir etmişdi.
Bunun ardınca jurnalisti efirdən məhrum etmişdilər və o məzuniyyətə getdiyini bildirmişdi.
Lakin avqustun 21-də məlum olmuşdu ki, “Rustavi-2” telekanalının yeni rəhbərliyi Qabunianı, habelə kanalın xəbər redaksiyasının rəhbəri Nodar Meladzeni vəzifələrindən kənarlaşdırıb.
Bundan başqa həmin redaksiyanın onlarca işçisi də vəzifələrindən uzaqlaşdırılmışdı.
“Rusitavi-2” kanalının yeni rəhbərliyi bu addımını Putinin təhqir olunması ilə əlaqələndirməyib.
Son məlumata görə “Rustavi-2” telekanalının xəbər redaksiyasının bütün jurnalistləri istefa veriblər.
Hazırda son 25 ildə ilk dəfə olaraq “Rustavi-2” kanalında xəbər proqramları efirə çıxmır. (azadliq.org)