ABŞ və onun Körfəz regionunda müttəfiqləri Suriyada siyasi keçidə gətirib çıxaracaq danışıqlarla bağlı atılacaq addımlarla bağlı fikir əldə ediblər.
Bunu ABŞ Dövlət katibi Con Kerri Ər-Riyadda Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurasının digər üzvləri ilə danışıqlardan sonra şənbə günü bəyan edib.
Con Kerri bildirib ki, gələn həftə Cenevrədə keçiriləcək Suriya ilə bağlı danışıqların ilk raundundan dərhal sonra Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclasının keçirilməsi haqda razılıq əldə edilib.
"Biz Suriyada keçidin reallığa çevrilməsi üçün prosesin irəliləməsini istəyirik"-deyə Kerri bildirib.
Səudiyyə Ərəbistanı, İran və ABŞ BMT-nin başçılıq etdiyi prosesə dəstək verən qrupun üzvləri arasındadır.
ABŞ-İran münasibətləri
Con Kerri və ABŞ-ın Körfəz bölgəsində müttəfiqləri ilə görüşü İranla nüvə razlığından, məhbus mübadiləsi və saxlanmış 10 dənizçinin azad edilməsi ilə nəticələnmiş danışıqlardan sonra baş verir.
Con Kerri ilə birgə mətbuat konfransında Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl-Cübeyr öz ölkəsinin narahat tonunu ifadə edərək, ABŞ və İranın bir arada görmədiyini bildirib. O, həmçinin ABŞ-ın İran hökumətinin mahiyyəti ilə bağlı illüziyaya qapılmadığına inandığını deyib.
Kerri və Cübeyr regionda gərginlikləri müzakirə edərkən yanaşı oturmuşdu.
ABŞ Dövlət katibi Laos, Kamboca və Çin də daxil olmaqla beş ölkəyə səfərinin ikinci dayanacağındadır. Asiya ölkələrində o, Şimali Koreyanın iddia etdiyi kimi nüvə bombası testinə beynəlxalq cavabın koordinasiya edilməsi səylərini müzakirə edəcək.