Moskvanı tənqid etmiş daha bir ABŞ senatoru Rusiyaya viza ala bilməyib. Demokrat partiyasından Senator Kris Merfi Konqresin nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edəcəkdi.
O, avqustun 27-də vebsaytında yazıb ki, Rusiya hökuməti ona viza verməkdən imtina edib və “Rusiyanın dialoqda maraqlı olmaması riyakarlıqdır”.
Bir gün öncə Respublikaçı Senator Ron Conson ona viza verilmədiyini açıqlamışdı.
“Mən Kremlin sərt tənqidçisi olmaqla yanaşı inanıram ki, özəlliklə gərginlik dönəmində dialoqu saxlamaq vacibdir”, – Merfi deyib.
“Kövrək münasibətlər üçün potensial təhlükəli məqam”
“Təəssüf ki, Rusiya hökuməti son vaxtlar bizim və digərlərinin səfərini önləməklə ölkəni daha da təcrid edir. Silahlara nəzarət sazişlərinin iflası, Vladimir Putinin avtoritar idarəçiliyinə ölkədə müqavimətin artması fonunda bu, ölkələrimizin kövrək münasibəti üçün potensial təhlükəli məqamdır və Rusiyanın dialoqda maraqlı olmaması riyakarlıqdır”, – Merfi vurğulayıb.
Rusiyanın Xarici İşlər Nazirliyi Conson-un ABŞ-ın sanksiyalarına cavab olaraq hazırlanmış qara siyahıda olduğunu bildirib.
Senat əməkdaşının CNN-ə bildirməsinə görə, gələn həftəyə planlaşdırılan səfər çərçivəsində Kosovo, Serbiya və Ukraynaya da baş çəkiləcək.
Rusiyanın səfirliyi Twitter-də yerləşdirdiyi bəyanatda vurğulayıb ki, Conson-un “Rusiyaya qarşı əsassız ittihamları onun dialoqa deyil, qarşıdurmaya hazır olmasına şübhə yeri qoymur”. (azadliq.org)