XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2019 - 19:59

İranın neft tankeri yolunu dəyişib –Qərbə istiqamət alıb

Aralıq dənizində İranın bayrağıyla üzən, Birləşmiş Ştatların saxlamağa çalışdığı neft tankeri Türkiyəyə yol alsa da, sonradan istiqaməti dəyişib.

Əvvəl Grace 1, indi Adrian Darya 1 adıyla üzən tanker, Avtomatik İdentifikasiya Sisteminə görə Türkiyənin Mersin şəhərinə gedirdi. Ancaq gəmilərin marşrutunu qeydə alan MarineTraffic vebsaytı avqustun 29-da bildirib ki, Türkiyə ilə Kiprin arasında üzən gəmi birdən yolunu dəyişərək qərbə istiqamət alıb.

Mersin Türkiyənin cənubunda neft terminalı olan liman şəhəridir. O, Suriyanın Baniyas şəhərindəki neft emalı zavodundan 200 km şimal-qərbdə yerləşir. Tanker iyulun əvvəlində Cəbbərültariqdə saxlananda onun məhz Suriyaya yol aldığı bildirilirdi.

Birləşmiş Ştatlar tankerin saxlanması üzrə order verib, onun İslam İnqilab Keşikçiləri Korpusuyla bağlı olduğunu bildirir. Vaşinqton bu qurumu terrorçu təşkilatlar siyahısına salıb.

130 milyon dollarlıq İran nefti daşıyan Adrian Darya iyulun 4-də saxlanmışdı, onun Avropa Birliyinin sanksiyalarını pozaraq Suriyaya neft apardığı deyilirdi.

Ancaq avqustun 19-da tanker Britaniya ərazisindən buraxıldı, Suriyaya getməyəcəyinə dair təminat verdi.

İran avqustun 26-da tankerdəki 2,1 milyon barrel nefti satdığını bildirdi, amma alıcının kimliyini açıqlamadı.

Vaşinqton ötən ilin mayında İranla 2015-ci il neft sazişindən çıxıb və Tehrana sanksiyaları bərpa edib.

İran iqtisadiyyatı neft və maliyyə sektorlarına sanksiyalardan əziyyət çəkir.

Tehran iyulda nüvə sazişi çərçivəsində bəzi öhdəliklərinin icrasını məhdudlaşdırdığını bildirib. (azadliq.org)