XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

31 Avqust 2019 - 18:56

“Taliban” hərəkatının 34 döyüşçüsü öldürülüb- Əfqanıstanda

Əfqanıstanın şimalında “Taliban” hərəkatının Qunduz şəhərinə hücumları davam edir.

Azərtac xəbər verir ki, əfqan KİV-ləri döyüşlərin gedişində 34 silahlının öldürüldüyü barədə məlumat yayıb.

Əfqanıstan prezidentinin rəsmi nümayəndəsi Sedik Sıddıki özünün “Twitter” səhifəsində taliblərin şəhərə bu gün səhər saatlarında hücum etdiyini yazıb. Onun sözlərinə görə, “Taliban” hərəkatının döyüşçüləri şəhərin bəzi rayonlarında mövqe tutub, həmçinin şəhər xəstəxanasını ələ keçirib.

1TV telekanalının məlumatına görə, hücumları dəf etmək məqsədilə şəhərə Əfqanıstan Müdafiə Nazirliyinin əlavə qüvvələri yeridilib. Ölkənin Daxili İşlər Nazirliyi aviasiya zərbələri nəticəsində 26 “Taliban” döyüşçüsünün öldürüldüyünü bildirib. Daha 8 silahlı isə yerüstü əməliyyatlar zamanı məhv edilib.

Bir qədər əvvəl Amerika Prezidenti Donald Tramp ABŞ nümayəndələri və “Taliban” arasında Əfqanıstan münaqişəsinin nizamlanmasına dair sazişin hələlik əldə olunmadığını deyib.

ABŞ və “Taliban” hərəkatı arasında danışıqların doqquzuncu raundunda tərəflər dörd əsas mövzunu – xarici qoşunların Əfqanıstandan tam çıxarılması və ölkə ərazisindən ABŞ və digər ölkələrə hücum üçün istifadə olunmayacağı barədə zəmanəti, həmçinin ümumi atəşkəsi və ölkədəki qüvvələr arasında dialoq keçirilməsi məsələlərini müzakirə edirlər.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurma uzun müddətdir davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.