XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 16:11

Amerika vətəndaşlığından çıxanların sayı artır –Səbəb

Amerika Birləşmiş Ştatlarında doğulmuş, lakin həyatının çox hissəsi Avropada keçmiş adamları qeyri-rəsmi şəkildə “təsadüfi amerikalı” adlandırırlar.

“Təsadüfi amerikalı” statusu olan Belçika sakinlərinin çoxu bu günlərdə bank problemləri ilə üzləşirlər.

Məsələ burasındadır ki, 2010-cu ildə ABŞ-da “Xarici ölkələrdə bank hesabı sahibləri tərəfindən vergi qanunvericiliyinə riayət edilməsi haqqında” Qanun (Foreign Account Tax Compliance Act – FATCA) qəbul edilib. Bu qanuna əsasən bütün xarici banklar Amerika vətəndaşlarının həmin banklarda olan hesabları barədə Vaşinqtona məlumat verməlidirlər. Əcnəbi bankların bu tələbə əməl etmələri üçün son müddət kimi 2020-ci il yanvarın 1-i müəyyən edilib. Bu tarixdən sonra ABŞ həmin banklara cərimə sanksiyaları tətbiq etməyə, o cümlədən ABŞ-dan daxil olan ödənişlərdən 30 faiz vergi tutmağa başlayacaq.

Təbii ki, xarici banklar FATCA şərtlərini heç də alqışlamırlar, çünki bu, əvvələn, müştərilərin itirilməsinə gətirib çıxara bilər, ikincisi, Amerika qanununun tələblərinin yerinə yetirilməsi üçün bu banklar tərəfindən çəkilən xərclər ödənişlərin 30 faizi həcmində sanksiyadan da çox olacaq. Bəzi banklar (məsələn, Belçikada filialları olan “Deutsche Bank”) bu tələbə cavab olaraq, sadəcə, öz amerikalı müştərilərinin hesablarını bağlayıblar.

Belçika Federal Maliyyə Agentliyinin nümayəndəsi Frensis Adins deyib: “FATCA-nın məqsədi budur ki, Amerika vətəndaşları özlərinin xaricdəki bank hesablarını gizlətmək yolu ilə vergi nəzarətindən yayına bilməsinlər. Belçikada isə həmin qanuna münasibət belədir ki, banklar öz amerikalı müştərilərindən zəruri informasiya tələb etsinlər. Müştərilər zəruri informasiyanı Belçika hökumətinə təqdim edəndən sonra hökumət bu məlumatı avtomatlaşdırılmış sistem vasitəsilə ABŞ-ın vergi orqanlarına çatdıracaq”.

ABŞ-ın hüdudlarından kənarda yaşayan amerikalılar ABŞ-da vergi ödəyiciləri kimi qalırlar. ABŞ və Eritreya (!) dünyada yeganə ölkələrdir ki, öz vətəndaşlarından, hətta onlar xaricdə yaşayır və orada gəlir əldə edirlərsə bu halda da, İRS-ə vergi bəyannaməsi təqdim etmələrini tələb edir.

Amerikalıların çoxu bunu bilmir və illər boyu vergi bəyannaməsi təqdim etməyiblər. İndi isə onlar öz mühasiblərinə neçə min avro ödəməli olacaqlar ki, son üç il üçün bəyannamə təqdim edilsin və bundan sonra hər il bəyannamə təqdim etməyə başlasınlar.

Bu halda ikili vətəndaşlıq da kömək etmir. Amerikalılar Belçika vətəndaşlığına malik olsalar belə, İRS-in nəzərində amerikalı olaraq qalırlar. Son bir neçə ildə ikili vətəndaşlığı olan Belçika sakinləri (habelə digər ölkələrin vətəndaşları) Amerika vətəndaşlığından imtina etmək barədə ərizə veriblər. Bu, hər il vergi bəyannaməsi təqdim etmək zərurətindən xilas olmaq üçün edilir.

Lakin bir növ “təsadüfi amerikalı” sayılan Belçika vətəndaşları da eyni problemlə üzləşirlər. Söhbət ABŞ-da doğulmuş, lakin hələ uşaq ikən Avropaya və başqa bir ölkəyə köçüb getmiş, heç vaxt İRS sistemində olmamış insanlardan gedir. Onlar indi xəbər tutacaqlar ki, sən demə onları da Amerika vətəndaşları hesab edirlər və onlar hər il vergi bəyannaməsi təqdim etməli idilər.

“Təsadüfi amerikalı” sayılan belçikalılar banklara lazım olan bütün məlumatları təqdim edə bilərlər, lakin bu adamların əksəriyyətinin ABŞ-da sosial sığorta nömrəsi yoxdur. Onlar səfirlik vasitəsilə belə nömrə almağa cəhd göstərə bilərlər, lakin bu halda səfirliklər həmin nömrəni dərhal İRS-ə bildirəcəklər, orada isə vergi məmurları dərhal görəcəklər ki, bu adamlar heç vaxt vergi bəyannaməsi təqdim etməyiblər. “Təsadüfi amerikalı”lar Amerika vətəndaşlığından imtina etməyi qərara alsalar onların vətəndaşlıqdan çıxmasına yalnız o vaxt imkan veriləcək ki, son 5 il üçün vergi öhdəliklərinə riayət etsinlər və 2125 avro məbləğində rüsum ödəsinlər.

Digər tərəfdən, Belçika bankları bu il dekabrın 31-nə qədər bütün zəruri informasiyanı ABŞ-a çatdırmalı, yaxud amerikalı müştərilərin hesablarını bağlamalıdırlar. Belçika Statistika Bürosunun məlumatına görə, hazırda bu ölkədə 10.793 amerikalı yaşayır. Lakin bu rəqəmə ikili vətəndaşlığı olanlar və “təsadüfi amerikalı”lar daxil deyil. Belçikada bu cür sakinlərin sayı məlum deyil. (AZƏRTAC)