XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2019 - 14:42

Rusiyalıların 20 faizi aksiyalara çıxmağa hazırdır –Sorğu

Rusiyalıların 30 faizi ölkədə siyasi tələblərlə etirazların tam mümkün olduğunu bildirir.

20 faiz isə belə aksiyalarda şəxsən iştirak etməyə hazırdır. Bunu “Levada” sorğu mərkəzinin yeni sorğusu üzə çıxarıb.

Respondentlərin 34 faizi ölkədə həyat səviyyəsinin düşməsinə qarşı, eləcə də öz hüquqlarının müdafiəsi uğrunda etirazları mümkün sayır. Üç ay öncə bu göstərici 26 faiz idi. Respondentlərin 27 faizi belə etirazlara qatılmağa hazır olduğunu deyib.

Rəyi soruşulanların üçdə ikisi Moskva Dumasına azad seçkilərin tələb olunduğu yürüşlər haqda eşitdiyini söyləyib. 45 faiz bu aksiyalara laqeyd yanaşır. 58% bu etirazların Qərbin müdaxiləsinin nəticəsi olmasına inanmır. Respondentlərin 45 faizi hesab edir ki, məmurlar müstəqil siyasətçilərin rəqabətindən qorxub, 30%-in fikrincə, günahkar imzaları toplaya bilməyən müxalifətçilərdir.

Moskvadakı etirazların səbəblərinə gəlincə, 41 faiz bunu ölkədəki durumdan narazılıq; 34% hakimiyyətin siyasətindən narazılığın nəticəsi sayır.

Respondentlərin 41%-i deyib ki, güc strukturları əməkdaşları etirazçıları saxlayan zaman əsassız olaraq gücdən istifadə edib, 32% “OMON”un hərəkətlərini qeyri-adekvat sayıb.

Moskvada iyulun ortasından keçirilən nümayişlərdə Moskva dumasına seçkilərə müstəqil namizədlərin buraxılmamasına etiraz bildirilir. Seçki dairələri isə bunu yığılan imzaların “saxtalığı”, digər pozuntularla izah edib.

27 iyul və 3 avqust etirazlarında güc strukturları əməkdaşları etirazçıları döyüb, həbs edib. İyulun 27-də 1300-dən çox, avqustun 3-də 1001 nəfər, avqustun 10-da 352 nəfər saxlanıb.

Avqustun 31-də də Moskvada hakimiyyətlə razılaşdırılmamış daha bir yürüş keçirilib. (azadliq.org)