XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Sentyabr 2019 - 23:15

Avropa Komissiyası:"Brexit danışıqlarında irəliləyiş yoxdur"

Avropa İttifaqı və Böyük Britaniya Brexit prosesinə dair danışıqlarda hələ də irəliləyişə nail ola bilməyib. Tərəflər sentyabrın 6-da texniki səviyyədə növbəti görüş keçirməyi planlaşdırırlar.

Bu barədə sentyabrın 5-də Brüsseldə keçirilən mətbuat konfransında çıxış edən Avropa Komissiyasının nümayəndəsi Mina Andreyeva deyib. “Tərəflər cümə günü yenidən görüşmək barədə razılığa gəliblər. İrəliləyişə nail olmaq üçün Böyük Britaniya mövcud saziş çərçivəsində konkret təkliflər irəli sürməlidir”, – deyə o, jurnalistlərin suallarına cavab verərkən bildirib.

Nümayəndənin sözlərinə görə, Brexit tarixinin başqa vaxta keçirilməsi barədə Londondan rəsmi sorğu gələcəyi təqdirdə Avropa İttifaqının bütün 27 ölkəsi bu barədə qərar qəbul edəcək.

Xatırladaq ki, Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib. Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb, onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub.

Analitiklərin fikrincə, getdikcə kəskinləşməkdə olan hökumət-parlament qarşıdurması Böyük Britaniyada ciddi siyasi böhrana gətirib çıxara bilər(azərtac).