XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 11:08

FIFA rəsmiləri İrana gedir –Qadınların kişilərin futbol oyunlarına buraxılması müzakirə ediləcək

FIFA rəsmiləri İrana səfər edərək qadınların kişilərin futbol oyunlarına buraxılmasına hazırlıq işlərini nəzərdən keçirəcəklər.

Bunu dünya futbolunu idarə edən qurumun sözçüsü sentyabrın 11-də “Reuters” və “Frans Pres” agentliyinə deyib.

Səfərin gələn iki həftə ərzində reallaşacağı bildirilir. Bu səfərdən öncə 29 yaşlı iranlı qadın futbol matçına girməyə cəhd ittihamıyla üzləşəndən sonra özünü yandırıb və vəfat edib.

“Mavi qız” ləqəbli Səhər Xodayari Tehranda xəstəxanada keçinib.

FIFA-nın sözçüsünün deməsinə görə, nümayəndə heyətinin səfəri sırf Xodayarinin ölümüylə bağlı deyil, oktyabrın 10-da Dünya kubokunun təsnifat oyunları çərçivəsində İranda Kambociya ilə qarşılaşmaya hazırlıqla əlaqədardır.

FIFA sentyabrın 10-da başsağlığı verib, İran hakimiyyətini bir daha “qadınların stadion qadağası ilə qanuni mübarizə aparanların azadlıq və təhlükəsizliyini təmin etməyə” çağırıb.

Qurumun prezidenti Canni İnfantino bundan öncə İran hakimiyyətini qadınları oyunlara buraxmaqdan ötrü “konkret addımlar” atmağa çağırıb.

Son illər stadionlarda kişilərin idman yarışlarını izləməyə yalnız seçilmiş qadın qrupları buraxılıb. Qanunvericilikdə qadınların idman arenalarına getməsinə yasaq nəzərdə tutulmayıb. Ancaq ruhanilərin fikrincə, qadınlar söyüş söyən, yarıçılpaq kişilərin olduğu yerə buraxılmamalıdır.

“Human Rights Watch” insan haqları təşkilatından Minky Worden Twitter-də yazıb ki, İnfantino İranın bu pozuntuya son qoyması üçün yetərincə təzyiq göstərməyib.

“Qadınların onillərdir İranda stadion qadağasına etirazının faciəylə bitəcəyi gözlənən idi”, – yazan Worden FIFA-nı iranlı qadının ölümündən sonra hansı addımları atacağını təsdiqləməyə çağırıb.

Məlumatlara görə, FIFA İrana avqustun 31-dək vaxt verib ki, qurumun qeyri-diskriminasiya nəzərdə tutan nizamnaməsinə əməl eləsin. (azadliq.org)