Sentyabrın 13-də Tramp administrasiyası iki yeni sanksiya dərc edib. Yeni sanksiyalardan biri ABŞ-ın maliyyə təsisatlarına, infrastruktura və qlobal iqtisadiyyata qarşı yönəlmiş fəaliyyətlə məşğul olan Şimali koreyalı hakerlərə, digəri Uqanda hökumətinə aiddir.
Azərtac xəbər verir ki, “Lazarus” qrupu və onun iki törəmə şirkəti (“Bluenoroff” və “Andariel”) Şimali Koreya baş qərargahının kəşfiyyat idarəsi ilə sıx bağlıdır. ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi hər üç təşkilatın Birləşmiş Ştatlardakı hər hansı əmlakdan istifadə etməsini məhdudlaşdırıb. Bundan əlavə, ABŞ vətəndaşlarının həmin şirkətlərlə iş aparması qadağan edilib. Maliyyə nazirinin maliyyə kəşfiyyatı və terrorizmə qarşı mübarizə üzrə müavini Siqal Mandelkerin bəyanatında deyilir: “Maliyyə Nazirliyi qanunsuz silah proqramlarını dəstəkləmək üçün kiberhücumlar törədən Şimali koreyalı haker qruplarına qarşı tədbirlər görür. Biz BMT-nin və ABŞ-ın Şimali Koreya barəsində mövcud sanksiyalarına riayət olunmasını təmin edəcək və maliyyə şəbəkələrinin kibertəhlükəsizliyinin yaxşılaşdırılması üçün beynəlxalq birliklə bərabər çalışacağıq”.
Sanksiyalarda deyilir ki, bütün dünyada törədilən kiberhücumların, o cümlədən 2014-cü ildə “Sony Pictures” şirkəti tərəfindən istehsal edilmiş, Şimali Koreya hökumətini ələ salan səhnələrlə zəngin olan bədii filmə görə qisas məqsədilə həmin şirkətə hücumun arxasında “Lazarus Group” dayanıb.
ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi Uqandaya münasibətdə keçmiş polis inspektoru Kale Kaixuraya qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar Kaixuranın Birləşmiş Ştatlarda hər hansı aktivlərdən istifadə etməsinə imkan vermir.