Əfqanıstan hakimiyyəti sentyabrın 28-də keçiriləcək prezident seçkilərinə qədər ölkədə vəziyyətin sülh yolu ilə həllinə yönəlmiş səylərini dayandıracaq.
Azərtac 1TV News telekanalına istinadla xəbər verir ki, bu barədə ölkə prezidentinin rəsmi nümayəndəsi Sedik Sedikki Kabildə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda seçkilərin baş tutması prioritet məsələdir, sülh nizamlanmasına dair məsləhətləşmələr isə səsvermədən sonra bərpa olunacaq. Həmçinin müvəqqəti hökumətin qurulması ideyasını rədd edən Sedik Sedikki seçkilərin nəzərdə tutulan vaxtda keçiriləcəyini bildirib.
Əfqanıstanda ali dövlət postuna namizəd kimi 18 nəfər, o cümlədən 2014-cü ildə prezident kürsüsü uğrunda mübarizədə əsas rəqiblər olan Əşrəf Qani və Abdullah Abdullah qeydiyyatdan keçib.
Qeyd edək ki, Əfqanıstanın müstəqil seçki komissiyası mart ayında prezident seçkilərinin 2019-cu il sentyabrın 28-də keçiriləcəyini elan edib. Ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatı hökuməti seçkiləri pozmaqla hədələyib.