XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2019 - 16:44

Snouden Fransadan sığınacaq istəyir

ABŞ Milli Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Fransa Prezidenti Emmanuel Makronu ona sığınacaq verməyə çağırır.

Memuar dərc etməyə hazırlaşan Snouden 2013-cü ildən Rusiyada yaşayır. O, ABŞ kəşfiyyat agentliklərinin gizli nəzarət proqramlarını açıqlayandan sonra bu ölkəyə sığınıb.

Sentyabrın 16-da Fransanın “Inter” radiosuna müsahibəsində o deyib ki, “informasiya sızdıranları qorumaq düşmən hərəkəti deyil” və o, Fransada qorunma statusu almaq hüququ olduğunu hiss edir.

Snouden 2013-cü ildə, Fransua Ollandın prezidentliyi dövründə Fransada sığınacaq üçün müraciət edib, ala bilməyib. O, bir sıra digər ölkələrdən də sığınacaq istəyib.

Snoudenin memuarı sentyabrın 17-də Fransa daxil olmaqla 20-dək ölkədə çıxmalıdır.

Fransanın prezident idarəsi məsələni şərh etməyib.

Ədliyyə naziri Nikola Belloubet ona sığınacaq verməyə tərəfdar olduğunu deyib, ancaq bunun şəxsi fikri olduğunu vurğulayıb.

Bir çox insan haqları fəalları Snoudenə qəhrəman kimi baxsalar da, Birləşmiş Ştatlar onu casusluğa görə mühakimə etmək istəyir. (azadliq.org)