XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

17 Sentyabr 2019 - 11:23

“Birləşmiş Ştatlar beynəlxalq nizamı İrandan qorumağa hazırdır” –ABŞ müdafiə naziri

ABŞ müdafiə naziri Mark Esper Səudiyyənin neft qurğularına hücumu “misli görünməmiş” adlandırıb və deyib ki, Birləşmiş Ştatlar “beynəlxalq qanunlara əsaslanan nizamın İran tərəfindən sarsıdılmasının” qarşısını almaq üçün müttəfiqləri ilə birlikdə işləyir.

Esper bu qeydləri sentyabrın 16-da Birləşmiş Ştatlar peyk fotolarını dərc edəndən və ABŞ kəşfiyyatının 14 sentyabr hücumunun arxasında İranın durduğuna dair iddialarından sonra yazdığı tvitdə edib.

Bu hücum üçün məsuliyyəti öz üzərinə Yəmənin şiə huti döyüşçüləri götürsə də, ABŞ rəsmiləri hücumun istiqamətinin və miqyasının buna şübhə yaratdığını bildiriblər.

Esper Ağ Evdə prezident Donald Trampın keçirdiyi müşavirədən sonra yazdığı tvitdə bildirib:

“Birləşmiş Ştatların hərbiyyəsi, bizim nazirliklərarası komandamız müttəfiqlərimizlə birlikdə bu misli görünməmiş hücumu öyrənir və beynəlxaql qaydalara əsaslanan nizamın İran tərəfindən sarsıdılmasına yol verməyəcək”.

Tramp müxbirlərə demişdi ki, Səudiyyə üzərinə hücumun arxasında İranın durduğu ehtimal olunur.

O bildirmişdi ki, “hazırda bu qətiyyətlə belə görünür”.

Tramp bunu da qeyd etmişdi ki, o bu hücumun arxasında Tehranın dayandığının “qəti sübutunu” əldə etməyincə cavab variantlarını nəzrədən keçirməyəcək:

“Biz qəti şəkildə müharibədən yan keçmək istəyirik. Mən heç kəslə müharibə istəmirəm, amm biz buna hamıdan daha çox hazırılıq”.

İran ABŞ-ın ittihamlarının “əsassız” olduğunu bildirir

İran Səudiyyə Ərəbistanının neft hasilatının yarısını sıradan çıxarmış hücumun arxasında olduğuna dair ABŞ-ın ittihamlarını rədd edib.

Sentyabrın 16-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi dövlət telekanalına deyib ki, “bu ittihamlar qeyri-məqbuldur və tamamilə əsassızdır”.

ABŞ rəsmiləri bildirirlər ki, sentyabrın 14-də baş vermiş hücumun arxasında buna görə məsuliyyəti öz üzərinə götürmüş Yəmən hutiləri yox, məhz İran durur.

ABŞ prezidenti Donald Tramp sentyabrın 15-də Twitter -də yazıb ki, Birləşmiş Ştatlar bu hücuma cavab vermək üçün tam hazırdır, lakin Səudiyyənin apardığı təhqiqatın nəticəsini gözləyir.

Lakin Vaşinqtonun bu hücuma görə dərhal İranı ittiham etməsinə baxmayaraq başqa ölkələr hücumun təhqiqatı başa çatmadan hər hansı ittihamlardan çəkinməyə çağırıblar.

Britaniyanın xarici işlər naziri Dominik Raab hücumu “beynəlxalq qanunun kobud pozuntusu” adlandırıb, lakin əlavə edib ki, hücumun arxasında kimin durması ilə bağlı məsələ hələlik tam aydın deyib.

Çin bəyan edib ki, “dəqiq nəticəli təhqiqat olmadan” başqalarını ittiham etmək məsuliuyyətli hərəkət deyil.

Rusiya da “tələsik nəticə çıxarmaqdan” çəkinməyə çağırıb.

Səudiyyənin neft hasilatına bu hücum nəticəsində neftin qiyməti 1991-ci ildən bəri rekord səviyyədə artıb.

Tramp bildirib ki, neftin qiymətinin tənzimlənməsi üçün “lazım gələrsə”, ABŞ-ın “strateji neft ehtiyatları” anbarını açmağa hazırdır.

Sentyabrın 16-da Brent markasından olan neftin bir barrelinin qiyməti 10 faiz artaraq 66.33 dollara çatıb.

ABŞ neftinin qiyməti 9, 5 faiz artaraq 60.27 dollar olub.

Sentyabrın 14-də baş vermiş hücum nəticəsində neft hasilatı günə 5, 7 milyon barrel azalıb. Bu, bütün dünya hasilatının 5 faizidir.

Səudiyyə rəsmiləri bildiriblər ki, hasilatın üçdə biri gün ərzində bərpa olunacaq.

Səudiyyə Ərəbistanı bildirir ki, hücumla bağlı təhqiqat davam edir, lakin bütün əlamətlər hücumun İran tərəfindən edildiyini göstərir. (azadliq.org)