XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 15:24

Keçmiş bankirin evi yandırılıb –Ukraynada

Ukrayna Milli Bankının keçmiş sədri ötən gecə Kiyev kənarındakı evinin yandırıldığını deyir.

Valeriya Qontareva AzadlıqRadiosu-na (RFE/RL) Londondakı evindən danışıb. O deyib ki, sentyabrın 17-nə keçən gecə Qoreniçi kəndindəki evinə Molotov kokteyli atılıb. Qontareva yanğın zamanı evdə heç kəsin olmadığını, ərazidəki mühafizəçinin polisə xəbər verdiyini söyləyib.

Facebook-da yaydığı bəyanatda Prezident Vladimir Zelenski Qontarevanın evinin yandırılmasını “qəddar cinayət” adlandırıb, hüquq mühafizə orqanlarının bu işi araşdırmağı prioritet etməli olduğunu vurğulayıb.

Daxili işlər naziri Arsen Avakov Twitter-də hadisəni “qəbuledilməz” adlandırıb.

Avakov yanğın arxasında siyasi motivi istisna etməyib. O, yanğının Beynəlxalq Valyuta Fondu üzvlərinin Kiyevə səfərilə üst-üstə düşməsinə diqqət çəkib.

Qontareva və ailəsi son aylar bir neçə təhdidə və zorakı insidentə məruz qalıb. O, AzadlıqRadiosu-na deyib ki, bu hadisələrin bir-birilə bağlı olduğunu düşünür, ukraynalı maqnat İqor Kolomoyski daxil olmaqla opponentləri onun izinə düşüblər. Keçmiş bankir bunu Ukrayna Milli Bankının rəhbəri olduğu dönəmdə, 2016-cı ildə PrivatBank-ı milliləşdirmək qərarıyla izah edib.

Bu bankın sahibi Kolomoyski idi, bankda 5,5 milyard dollar nağd pul qıtlığı aşkarlanandan sonra milliləşdirildi.