Pakistanda günorta saatlarında baş vermiş Rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ nəticəsində ən azı 8 nəfər ölüb, 100-dən çox yaralı var.
DawnNews telekanalı xəbər verir ki, episentri Azad Kəşmir və Pəncab əyalətlərinin sərhədində olan və 10 saniyə davam edən yeraltı təkanlar həmin bölgədə dağıntılara səbəb olub. Ən çox zərər çəkən rayonlar Mirpur və Azad Kəşmirdir.
Pakistanın fövqəladə hallar departamentinin rəsmisi Məhəmməd Təyyab bildirib ki, ölənlər də Mirpur rayonunun sakinləridir. Onların arasında üç azyaşlı da var. Yaralıları Mirpur Dövlət Hospitalına çatdırıblar. Onlardan 35 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.
Ölkənin Baş Naziri İmran Xan bütün dövlət idarələrinə zəlzələ qurbanlarının ailələrinə və yaralılara yardım göstərilməsi barədə təlimat verib/Azərtac.