XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2019 - 11:00

ƏRDOĞAN-NETANYAHU DUELİ:BMT-də atılan "güllə"yə "Tvitter"də cavab verildi

“Middle East Eye”, 24.09.2019

 

Türk liderinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı (UNGA) nitqində İsraili ittiham etməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail baş naziri Benyamin Netanyahu üz-göz olublar.

Çərşənbə axşamı Nyu-Yorkda keçirilən Baş Assambleyadakı çıxışında Ərdoğan, Netanyahu kimi, əlində rəsmli plakat tutaraq Fələstinin işğalına görə İsraili tənqid edib.

“Bu gün İsrailin işğalı altındakı Fələstin əraziləri ədalətsizliyin ən çox hökm sürdüyü yerlərdən birinə çevrilib”, – deyən Ərdoğan bərabərhüquqlu, iki dövlətli həll yolu tapmağa çağırıb.

Ərdoğanın çıxışında istifadə etdiyi görüntülərdən biri İsrailin 1948-ci ildə qurulduğu gündən bəri Fələstinin nəzarətində olan torpaqları ilhaqını göstərən məşhur zaman kəsiyi xəritələri idi.

Netanyahu son xoş nəticəsiz seçkidən sonra iqtidar ittifaqı qurmağa çalışaraq ölkəsində qaldığından UNGA-ya qatılmayıb. Amma yenə də səsini eşitdirib.

“Tvitter”də yayımlanan videoda birbaşa kameraya danışan Netanyahu şəxsən Ərdoğana müraciət edib: “İsrail haqqında yalan danışmağı dayandırmayan, öz ölkəsindəki kürdləri öldürən və erməni xalqının dəhşətli qırğınını inkar edən şəxs İsrailə öyüd-nəsihət verməməlidir. Ərdoğan, yalan danışmağı dayandır”.

Çox keçmədən, Türkiyənin rabitə üzrə direktoru Fahrettin Altun bu çıxışa təpki verib, Netanyahunun “təpədən-dırnağa korrupsiya ittihamlarına bulaşdığını” deyərək İsrail baş nazirini Ərdoğanın BMT-nin çıxışından “diqqəti daxili problemlərindən yayınmaq üçün bir yol” olaraq istifadə cəhdində ittiham edib.

“İstənilən seçkidə qalib gələ biləcək bir liderə hücum etmək əvəzinə, vaxtınızı məhkəmə iclasına hazırlaşmağa sərf etməlisiniz”, – deyə Altun “Twitter”-də Netanyahunun videosunu yenidən paylaşıb.

Bu arada, İsrail prezidenti Reuven Rivlinin Çərşənbə günü, sentyabrın 25-də kimin koalisiya hökuməti quracağını açıqlaması gözlənilir.

Çox güman ki, o, “Mavi və Ağ”ın namizədi Benni Qantz və “Likud”un lideri Netanyahu arasında seçim edəcək. Hər ikisi 61 yerlik çoxluğu qazana bilməyib.

Tərcümə: Strateq.az