XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2019 - 12:00

BMT baş katibi:"Dünyanın iki güc mərkəzinə bölünməsinə yol vermək olmaz"

BMT Baş Assambleyasında siyasət diskussiyalarında çıxış edən təşkilatın Baş katibi Antonio Quterreş bildirib ki, “Böyük bölünmə” – dünyanın iki güc mərkəzinə parçalanması artıq reallıqdır və buna yol vermək olmaz.

Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, Baş katib hazırkı qeyri-sabit və beynəlxalq münasibətlərdə gərginliyin artdığı bir şəraitdə iki güc mərkəzinə parçalanma təhlükəsi getdikcə artır. O əlavə edib: “Qorxuram ki, “Böyük bölünmə” baş verə və dünya iki böyük düşərgəyə bölünə; iki nəhəng dünya dövləti öz valyutası, ticarət və maliyyə şərtləri, fərdi maraqları və süni intellekt resursları, habelə “hər şey, yaxud heç nə” prinsipinə söykənən geosiyasi və hərbi strategiyaları ilə iki güc mərkəzi yarada bilər.

Antonio Quterreş bu konfrontasiya prosesinin qarşısını almaq üçün təcili tədbirlər görməyə, beynəlxalq hüquqa əsaslanan universal iqtisadiyyatı, çoxqütblü dünyanı qoruyub saxlamağa çağırıb. Onun sözlərinə görə, münaqişələrin qarşısının alınması və ümumi tərəqqiyə nail olunması üçün mütləq qaydada insan hüquqlarına əməl olunmalıdır. “İnsanların bu təməl haqları heç də güzəşt deyil, onlar verilmir və alınmır. Bu hüquqlar insanlara onların məhz insan olduğuna görə məxsusdur. İnsan haqları ümumi və bölünməz xarakter daşıyır. Onların ayrı-seçkilik prinsipi ilə verilməsi yolverilməzdir. İnsanlar təhlükəsiz və sülh şəraitində yaşamaq, rifaha qovuşmaq, layiqli həyat sürmək, səhiyyə və sosial müdafiədən istifadə etmək, yaxşı qidalanmaq, təhsil və əməkhaqqına sahib olmalıdırlar”, -deyə Baş katib vurğulayıb.

BMT-nin rəhbəri təəssüflə qeyd edib ki, bu gün həmin haqların əksəriyyəti pozulur və şübhə altına alınır. Onun sözlərinə görə, yeni avtoritar formalar inkişaf edir, vətəndaş cəmiyyətlərinə hücumlar təşkil olunur, ətraf mühit, hüquq müdafiəçiləri və jurnalistlər təqiblərə məruz qalır.

Antonio Quterreş çıxışının sonunda deyib: “İndi özgələşdirmə və etimadsızlıq bir silah kimi istifadə olunur. Qorxu isə ən geniş yayılmış vasitədir. Bu, miqrantlar və qaçqınlara münasibətdə özünü daha çox büruzə verir. Onların qarşısında təkcə sərhədlər deyil, həm də “ürəklər” bağlanır. Dünyada düşmənçilik dili geniş yayılır, internetdə dini, etnik əlamətlərə görə təhqir və təqib halları artır”.