XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

25 Sentyabr 2019 - 14:23

Donald Tramp impiçment prosedurasına qarşı tədbirlər hazırlayır

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Prezident Donald Trampa qarşı impiçment prosedurasına başlanması qərarından sonra Ağ evdə müvafiq tədbirlər hazırlanır.

Azərtac CNN telekanalına istinadla xəbər verir ki, Prezident Administrasiyasında bu prosesin D.Trampın prezidentliyinin və ya 2020-ci il prezident seçkiləri kampaniyasının məhv edilməsi məqsədi daşıdığını qeyd edirlər. Dövlət başçısı özü isə bəyan edib ki, “Pelosinin qərarı Prezidentə qarşı hörmətsizlikdir”. O, cavab addımı kimi iyulda Ukrayna Prezidenti ilə qalmaqala səbəb olan telefon danışığını tam şəkildə yayacağını da bildirib. ABŞ lideri Nümayəndələr Palatasının spikerinə qarşı əks hücuma keçməyi və impiçment prosesindən respublikaçıların haqsız böhtana uğraması imici yaradaraq, 2020-ci il seçkilərində istifadə etməyə çalışacaq.

Prezident Trampın qarşıdakı seçkilərdə rəqibi olacaq Co Baydeni sıradan çıxarmaq üçün Ukrayna liderinə təzyiq göstərməsi ətrafında yaranmış qalmaqal Konqresdəki demokratları hərəkətə keçirib. ABŞ tarixində impiçmentlə üzləşən dördüncü dövlət başçısı olacaq Trampın vəkilləri bildiriblər ki, qalmaqala səbəb olan sənədin mahiyyətini yaxşı öyrənməyən Pelosinin addımı da risklidir. Belə ki, telefon danışığının kiçik bir hissəsi yayılıb və Konqresdə Trampın lehinə qərar qəbul ediləcəyi təqdirdə demokratlar prezident seçkiləri ərəfəsində ağır məğlubiyyətə düçar olacaqlar. Hələ ki, impiçmentlə bağlı parlament araşdırmasının başlaması üçün də lazım olan qərar qəbul edilməyib. Digər tərəfdən, əgər təhqiqatın nəticələri Prezidentin əleyhinə olsa belə, Senatdakı respublikaçıların onun üçdəiki səs çoxluğu ilə vəzifəsindən uzaqlaşdırılacağına imkan verəcəyi inandırıcı görünmür. Məhz bu səbəbdən Amerikanın siyasi icmalçıları Nensi Pelosinin qərarını “impiçment oyunu” adlandırırlar.

Xatırladaq ki, parlamentin aşağı palatasında demokratların (435 yerdən 235-i), yuxarı palata – Senatda isə respublikaçıların üstünlüyü (100 senatordan 67-si) var. İmpiçmentlə bağlı qərar Nümayəndələr Palatasında qəbul edilsə belə, Senatda onun təsdiq ediləcəyi ehtimalı çox azdır. Digər tərəfdən, 2020 seçkiləri ərəfəsində ABŞ tarixində ilk dəfə olaraq impiçmentlə üzləşmiş Prezidentin seçki kampaniyası keçirilə bilər.