Misirin Şimali Səna vilayətinə bağlı Şeyx Zuveyd şəhərində təhlükəsizlik güclərinə aid avtobusa bombalı hücum təşkil olunub.
Strateq.az-ın bildirdiyinə görə, hücum nəticəsində bir əsgər həyatını itirib, üçü isə yaralanıb.
Bölgədən verilən məlumatda bildirilir ki, Misir ordusu hadisə yerini mühasirəyə alıb və yolda bomba axtarışına başlayıb.
Hadisəylə bağlı Misir səlahiyyətliləri hələ ki susmağa üstünlük verirlər.
Qeyd edək ki, Şimali Səna bölgəsində yaşanan bu terror hadisəsi ilk deyil. 2014-cü ilin noyabr ayında İŞİD-ə biət edən və daha sonra adını "Səna Vilayəti" olaraq dəyişdirən "Ənsar Beyt əl-Maqdisi" adlı təşkilat kimi bəzi silahlı qruplar ötən il də daha böyük terror hadisəsi törətmiş, hətta regionda yerləşən hərbi obyektləri ələ keçirmişdi. Daha sonra rus təyyarəsini vuraraq xeyli turistin ölümünə və Misir turizm sektorunun axsamasına səbəb olmuşdu. Yalnız bir təyyarənin vurulmasıyla bir çox ölkələr, o cümlədən Avropa dövlətləri və Rusiya Misirə turist səfərlərini dayandırmış, ölkəyə 10 milyard dollar miqdarında zərər dəymişdi.
Əhalisi yarım milyondan bir qədər çox olan Səna yarımadasının sakinlərinin radikal islamçılara meyllərinin bir neçə səbəbi var. Əvvəla, bölgə iqtisadi cəhətdən çox inkişaf etmədiyindən sakinlər daha mühafizəkardırlar. İkincisi, onlar əsasən dolanışıqlarını İsraillə Misir arasındakı qaçaqmalçılıq ticarətindən əldə edirlər və bəzən MOSSAD-ın təsiri altına düşürlər. Üçüncüsü, Fələstinlə Misir arasında yeganə torpaq əlaqəsi bu yarımada üzərindəndir və rəsmi Qahirə İsrailin təzyiqi ilə Qəzza zolağına açılan və fələstinlilərin yeganə nəfəsliyi hesab olunan tunelləri dağıdır, bu da sənalılarda öz dövlətlərinə qarşı mübarizə əzmini gücləndirir.
Səna yarımadası İsraillə həmsərhəd olduğundan iki dövlət arasında bağlanan müqaviləyə əsasən, Misir orada ciddi əsgəri birlik yerləşdirə bilməz. İŞİD tipli təşkilatların bu boşluqdan yararlanıb bölgədə qüvvətləndiyi bildirilir. Bəzi mütəxəssislərin fikrincə, hətta onların arxasında yəhudi dəstəyinin dayanması ehtimalı belə var. Məqsəd isə ərəb dünyasının ən güclü hərbi potensialına malik olan ölkənin başını daxili münaqişələrə qatmaqdır.
Heydər