Səudiyyə Ərəbistanı “Saudi Aramco” dövlət şirkətinin neft obyektlərinə hücumlardan əvvəl olan neft hasilat səviyyəsini, demək olar ki, tam bərpa edib.
Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo Nur-Sultanda keçirilən “Enerji mənbələrinin gələcəyi: İnnovativ artım” 12-ci Kazenerji Avrasiya Forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının neft obyektlərinə pilotsuz uçan obyektlər tərəfindən hücumlara baxmayaraq, ölkə neft hasilatını planlaşdırılan səviyyədə saxlamaq niyyətindədir.
“Dünyanın hər hansı bir yerində neft və qazın təhlükəsiz tədarükünün pozulmasının sənaye və iqtisadiyyat üçün böyük bir pozuntu olduğunu vurğulayıram”, – deyə M. Barkindo əlavə edib.
Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun iki ən böyük müəssisəsinə hücum edilib. Zərbələrin yaratdığı partlayışlar və yanğınlar nəticəsində dünyanın ən böyük neft ixracatçısının gündəlik hasilatı 9,8 mln. bareldən 5,7 mln. barelə enib. Bu vəziyyət dünya bazarlarında neftə olan qiymətlərin kəskin artmasına səbəb oldu. /APA