Çinin Şandon əyalətində dekabr ayında gips mədəninin uçması nəticəsində dağıntılar altında qalmış 4 şaxtaçı 36 gündən sonra xilas edilib.
Yanvarın 29-da axşam saatlarında xilasetmə əməliyyatına minə yaxın şəxs cəlb olunub. Bu, Çində uzun müddət dağıntılar altında qalan adamların xilası ilə bağlı ilk əməliyyat kimi tarixə düşüb. Xilas edilmiş şaxtaçılar dərhal xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin normal olduğu, ciddi xəsarət almadıqları və fevralın 8-nə təsadüf edən ay təqvimi ilə yeni il bayramında ailələrinin yanında ola biləcəkləri bildirilir.
Xatırladaq ki, Baotay qəsəbəsi ərazisində dekabrın 25-də gips mədənində baş vermiş uçqun zamanı 29 şaxtaçı dağıntılar altında qalmışdı. Hadisədən dərhal sonra 11 nəfər xilas edilmiş, 1 nəfərin cəsədi çıxarılmışdı.
Xilasedicilər dağıntılar altında sağ qalan şaxtaçıların yerini müəyyən etdikdən sonra 4 kiçik tunel-quyu vasitəsilə onlara yemək və paltar çatdırırmışlar. Ötən 36 gün ərzində şaxtaçıların olduğu yerə gedən tunel tonlarla daş və torpaqdan təmizlənmiş, çətin geoloji şəraitdə əlavə 220 metr uzunluğuna tunel qazılmışdı. Əməliyyat işlərinə 600 müxtəlif texnika və avadanlıq cəlb edilmişdi.
Mədənin sahibi uçqundan bir neçə gün sonra intihar etmişdi. Bundan başqa, yerli hakimiyyət orqanlarının rəhbəri və onun 2 müavini, Çin Kommunist Partiyası qəsəbə təşkilatının sədri vəzifəsindən qovulmuş, bir neçə şəxs istintaqa cəlb olunmuşdu.
Azertag.az