XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

26 Sentyabr 2019 - 21:29

ABŞ və Ukrayna prezidentlərinin telefon danışığı ətrafında qalmaqal böyüyür

Birləşmiş Ştatlarda ABŞ və Ukrayna prezidentlərinin telefon danışığı ətrafında qalmaqal böyüyür. ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi Komitəsi Amerika xüsusi xidmət orqanlarının əməkdaşının Prezident Donald Trampın Ukrayna amili vasitəsilə 2020-ci il seçkilərinə müdaxilə etmək istəməsi barədə şikayətinin mətnini dərc edib.

Azərtac ABŞ KİV-nə istinadla xəbər verir ki, sənəddə deyilir: “Mən Amerikanın bir çox vəzifəli şəxsindən məlumat almışam ki, ABŞ Prezidenti xarici dövlətin ABŞ-da keçiriləcək 2020-ci il seçkilərinə müdaxiləsini təmin etmək məqsədilə öz səlahiyyətlərindən sui-istifadə edir”. Komitənin dərc etdiyi məktubda əlavə olunur ki, Ağ ev bütün vasitələrlə Donald Tramp və Vladimir Zelenski arasında olan telefon danışığının tam mətnini gizlətməyə çalışır.

BBC telekanalının saytında yerləşdirilmiş xəbərdə qeyd olunur ki, Donald Tramp Ukraynaya ayrılacaq 400 milyon dollarlıq hərbi yardımı da bu məqsədlə gecikdirib. Belə ki, ABŞ Prezidenti demokratların namizədi Cozef Baydenə qarşı təhqiqat aparılması üçün Ukraynanın dövlət başçısına təzyiq göstərib. Qeyd olunur ki, məhz həmin məktubdan sonra Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə Komitəsi araşdırma aparmağa başlayıb. Bundan başqa, Milli Kəşfiyyat İdarəsinin direktor əvəzi Cozef Mequair həmin şikayət məktubunu Konqresdən gizlədib.

Məktubda o da qeyd olunub ki, məlum telefon danışığından sonra ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker və Avropa İttifaqı yanında daimi nümayəndəsi Qordon Sondlend Ukrayna Prezidenti ilə görüşərək ona Cozef Baydenin oğluna qarşı təhqiqat aparılması ilə bağlı göstəriş verməsini tövsiyə ediblər.

Prezident Tramp isə bəyan edib ki, bütün bunlar Konqresdəki demokratların oyunudur və əsas məqsəd Respublikaçılar Partiyasını tamamilə məhv etməkdir.