XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 13:05

İsveçrə prezident oğlunun avtomobillərini satıb –Əldə edilən vəsait sosial layihələrə yatırılacaq

Ekvatorial Qvineyanın prezidentinin oğlu və həmçinin ölkənin vitse-prezidentinin müsadirə edilmiş avtomobilləri İsveçrədə hərracda satılıb.

İsveçrə hakimiyyəti avtomobilləri vitse-prezident Teodorin Nguema Obianga dair istintaq nəticəsində müsadirə edib.

Onun atası Teodoro Obian Nguema 40 ildir ki, Ekvatorial Qvineyanı idarə edir.

Obiangın maşın kolleksiyasından 25 avtomobil bazar günü Cenevrə şəhəri yaxınlıqdakı golf klubunda hərraca verilib.

Aralarında Lamborgini, Ferrari, Bentley və Rolls Royce markalarından olan avtomobillər, ümumilikdə, təxminən 27 milyon dollara satılıb.

Prokurorlarla əldə edilən razılıq əsasında, bu məbləğdən 23 milyon dollar keçmiş İspan müstəmləkəsi olmuş və hazırda yoxsulluq səviyyəsi böyük olan Ekvatorial Qvineyada sosial layihələrə yatırılacaq.

Maşınlardan “ən nadir və gözə çarpanı” 2014-cü il buraxılışı olan Lamborghini Veneno Roadster avtomobili 8.3 milyon dollara anonim alıcıya satılıb.

Bu məbləğ tarixdə Lamborghini markalı avtomobilə auksionda ödənilən ən yüksək məbləğdir, Britaniyanın Bonhams hərrac evi bildirib.

Saatda ən yüksək sürəti 354 kilometr olan avtomobil Lamborghini-nin təsis olunmasının 50 illik yubileyini qeyd etmək üçün istehsal olunub və satış qiyməti auksiondan əvvəl verilən ehtimaldan 50 faiz daha yüksək olub.

Digər bir avtomobil Aston Martin One-77 Coupe 1.5 milyon dollara satılıb.

Bonhams hərrac şirkətinin mətbuat katibi Lynnie Farrant BBC-yə deyib ki, “bu kimi maşınlar hər hansı bir kolleksiyanın ən dəyərli nümunəsi ola bilər, lakin onların hamısını bir yerdə görmək doğrudan da inanılmazdır”.

Farrant maşınların bütün dünyadan, xüsusilədə Avropadan alıcı cəlb etdiyini deyib.

Maşınların bir neçəsi dubaylı kolleksiyaçı üçün bir təmsilçi tərəfindən alınıb, İsveçrədən olan alıcı Reuter xəbər agentliyinə deyib.

Obiangın maşınlarına əlavə olaraq, Cenevrənin 30 kilometrliyində yerləşən Çesserex kəndindəki golf klubunda keçirilmiş auksionda təxminən 50 başqa avtomobil də satılıb.

1956 Aston Martin Lagonda avtomobili Montreux Jazz Festivalının təşkilatçısı Claude Nobs tərəfindən alınıb.

Teodorin Nguema Obiang kimdir?

Çoxları güman edir ki, Obiang, 1979-cu ildən prezident olan atasının varisi olacaq.

51 yaşlı oğul 2012-ci ildə vitse-prezident təyin olmamışdan əvvəl, atası və kənd təssərüfatı naziri üçün müşavir olub.

O, beynəlxalq mediada ekstravaqant xərcləri və “playboy” həyat tərzinə görə tənqidlərlə üzləşib.

2004-cu ildə New York Times qəzetində dərc olunmuş məqalə onun “rep musiqisi təşəbbüskarı və yaxşı həyatı sevən, Lamborginiləri və Hollivudla Rio de Janeyroya uzun müddətli səyahətləri bəyənən” biri kimi təsvir edib.

İsveçrəli prokurorlar Obianga çirkli pulların yuyulması və dövlət vəsaitlərinin sui-istifadəsi ilə bağlı bir istintaq açıblar, lakin istintaq bu ilin fevral ayında dayandırılıb.

Prokurorlar bildiriblər ki, istintaq Obiangın maşınlarını sataraq Ekvatorial Qvineyada sosial layihələri maliyyələşdirməklə bağlı razılıq əldə edildikdən sonra dayandırılıb.

2017-ci ildə Fransada bir məhkəmə korrupsiyaya görə ona 3 illik şərti həbs cəzası verib. (BBC azeri)