Belçikanın Flamandiya hissəsində qurulan yeni koalisiya hökuməti məscid və müsəlman məktəblərinin açılması qanunlarını sərtləşdirməyə hazırlaşır.
Azərtac BBC telekanalının saytına istinadla xəbər verir ki, yeni qanun layihəsinə görə, məscid açmaq üçün müraciət edənlər ən azı dörd il gözləməli olacaqlar. Həmin müddətdə məscidin maliyyə mənbəyi, xaricdəki əlaqələri və radikal qruplaşmalarla münasibətlərinə dair kəşfiyyat materialları yoxlanılacaq. Qanuna əməl etməyən məscidlərin bağlanılması üçün də hökumətə geniş səlahiyyətlər veriləcək.
Mayın 26-da Belçikada keçirilmiş ümumi seçkilərin nəticələrinə görə, ölkənin Flamandiya hissəsində sağ təmayüllü Yeni Flamandiya İttifaqı Partiyası və Flamandiya Liberal Demokratik Partiyasından ibarət hökumətin rəhbəri vəzifəsinə sabiq federal Daxili İşlər naziri Jan Jambon təyin olunub.