“Cenevrə danışıqlarında qətiyyən heç bir ön şərti qəbul etməyəcəyik”
Strateq.az xəbər verir ki, bu sözləri Suriya rejimi adına danışıqlara qatılan ölkənin BMT-dəki daimi nümayəndəsi səfir Bəşər əl-Cəfəri deyib.
Keçirdiyi mətbuat konfransında bir jurnalistin “müxalifət danışıqlara başlamaq üçün hansısa şərt irəli sürərsə, bunu qəbul edəcəksinizmi”, – sualını bu cür cavablandıran səfir müxalifəti kimlərin təmsil etdiyini bilmədiklərini, bunun üçün də müzakirələrin birbaşa deyil, vasitəli aparılmasında maraqlı olduqlarını və bunu israrla tələb edəcəklərini bildirib.
Mütəxəssislərin fikrincə, rəsmi Dəməşqin bu mövqeyi uzlaşmaqdan yana olmadığını təsdiqləyir.
Qeyd edək ki, bir neçə ay bundan əvvəl dünyanın aparıcı dövlətləri və Yaxın Şərq ölkələrinin liderləri Cenevrədə toplanaraq, Suriya problemini müzakirə etmiş, bir sıra məsələlərdə ortaq fikrə gələ bilmişdilər. Ortaq mövqe bundan ibarət idi:
Suriyada müxalifət və iqtidar nümayəndələrindən ibarət keçici hökumət qurulacaq, daha sonra bu hökumət ölkənin yeni siyasi iradəsini müəyyənləşdirən seçkilər keçirəcək, Bəşər Əsəd də həmin seçki nəticəsində ortaya çıxacaq hakimiyyətə öz postunu təhvil verib, istəyərsə, Rusiyaya sığınacaq.
Son zamanlar yayılan, amma rəsmən təsqidini tapmamış informasiyalara görə, Putin administrasiyası öz nümayəndəsini Bəşər Əsədin hüzuruna göndərərək, Rusiyaya gəlməsini tövsiyə etmişdi. Təklifdən bərk qəzəblənən Suriya diktatoru isə ona uzadılan “dost əlini” sərt bir şəkildə geri çevirmişdi.
Cenevrədə Suriya razılaşmasının ilkin mərhələsinə keçid məqsədilə yenidən başlayan müzakirələrdə rəsmi Dəməşqi təmsil edən səfirin sərgilədiyi bu uzlaşmaz tövr də Bəşər Əsədin iki ayağını bir başmağa dirəcəyini göstərir. Fəqət bu uzlaşmaz mövqenin Suriya diktatorundan çox, onun himayəçilərinin əlini gücləndirdiyi və Rusiya ilə İranın daha çox güzəşt qopararaq, öz müttəfiqlərinin arxasından çəkiləcəyi ehtimalı da istisna deyil.
Hər halda öz ölkəsində 100 minlərlə insanın qanının axıdılmasında birbaşa günahkar görülən liderin üzərində qurulacaq bölgəyə nəzarət mexanizmi regional və dünyəvi gücə çevrilmək istəyən qüvvələrə yalnız qısamüddətli məqsədlər üçün fayda gətirər.
Uzunmüddətli perspektivlər üçün isə qanlı əllər yalnız qurbanlıq ola bilərlər.
Heydər
Strateq.az