XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 15:12

Putini Kremldən qovmaq istəyən şaman ruhi xəstə elan edildi –Məhkəmə önünə çıxarılmayacaq

Putini Kremldən qovmaq istəyən yakut şamanın tibbi müayinəsi onun ruhi xəstə olduğunu göstərib.

Bu da bildirilir ki, o bu səbəbdən məhkəmə önünə çıxarılmayacaq.

Şaman Aleksandr Qabışev Sibirdən Moskvaya piyada yürüşə başlamış və ötən ay yoldaykən həbs edilmişdi.

Açıq Rusiya müxalifət qrupunun insan haqları əlaqələndiricisi Valentina Dextyarenko oktyabrın 3-də AzadlıqRadiosuna deyib ki, Qabışevin vəkilləri onun müstəqil psixiatrlar tərəfindən müayinə olunmasını istəyiblər.

Qrupun əlaqə saxladığı ekspertlər bildiriblər ki, onlar rəsmi psixiatrik müayinənin nəticələrinə şübhə ilə yanaşırlar.

Dextyarenko əlavə edib ki, o rəsmi müayinənin yazılı nəticələrini oktyabrın 5-dək əldə edə biləcəyinə inanır.

Qabışev cinayət işi üzrə şübhəli sayılsa da, ona qarşı heç bir cinayət ittihamı irəli sürülməyib.

Buna baxmayaraq şamandan Yakutsk şəhərini tərk etməyəcəyinə dair yazılı iltizam alınıb.

Qabışev mart ayında piyada yürüşünə başlayandan bəri 2000 kilometr məsafə qət etmiş, yol boyu yüzlərlə insanla təmas quraraq məşhurlaşmışdı.

Onu görüntüləyən videolara milyonlarla insanlar baxırdı.

İyul ayında Çita şəhərinə çatan Qabışev orada 700 nəfərlik “Putinsiz Rusiya” şüarlı aksiya keçirmişdi.

Şaman o vaxt demişdi: “Allah mənə dedi ki, Putin insan deyil, cindir. Allah mənə onu qovmağı əmr edib”.

Sentyabrın 19-da onlarca maskalı və silahlı şəxs Sibirin Buryatiya regionuna gətirilmiş və burada Qabışev həbs olunmuşdu.

O buradan doğma Yakutiyaya gətirilmiş və əvvəlcə psixiatrik xəstəxanada yerləşdirilmiş, daha sonra isə sərbəst buraxılmışdı.

Qabışevə elan edilmişdi ki, o Rusiya vətəndaşları arasında ekstremizmi qızışdırmaqda ittiham edilir. (azadliq.org)