XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2019 - 19:22

İƏT üzv dövlətlərinin Ətraf Mühit Nazirlərinin 8-ci İslam konfransı keçirilib- FOTO

Bu günlərdə İSESCO Baş Qərargahında Mərakeş Kralı VI Məhəmmədin himayədarlığı ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin Ətraf Mühit Nazirlərinin 8-ci İslam konfransı keçirilib.

Azərtac xəbər verir ki, “Ətraf mühitin və dayanıqlı inkişafın qorunmasında mədəni və dini faktorların rolu” mövzusunda keçirilən konfransda ölkəmizi Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov təmsil edib.

Konfransın açılış mərasimində İordaniya Şahzadəsi, Kral Elmi Cəmiyyətinin sədri Sumaya bint əl-Həsən, İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osaymin, İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl Malik çıxış edib, Mərakeş Krallığının Mədəniyyət naziri Məhəmməd Laarac Mərakeş Kralı VI Məhəmmədin konfrans iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə İslam dünyasında ətraf mühit və dayanıqlı inkişaf məsələləri, İƏT üzv dövlətlərində təbii fəlakət risklərinin idarə olunması, Ətraf Mühit və Dayanıqlı İnkişaf İslam Akademiyasının təsis edilməsi, Səudiyyə Ərəbistanı Krallığının ətraf mühit idarəçiliyi üzrə mükafatı ilə bağlı hesabat və ətraf mühit sahəsində digər məsələlər müzakirə edilib.

Konfransın sonunda 2020-2021-ci illər üzrə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhəri və Mərakeş Krallığının Aqadir şəhəri İslam dünyasının ekoloji dost şəhərləri kimi elan edilib. Eyni zamanda, Uqandanın Kampala şəhəri 2020-2021-ci illər üzrə Afrika regionu üzrə ekoloji dost Ləyaqət Paytaxtı, Qüds şəhəri isə İslam dünyasının daimi ekoloji dost şəhəri elan edilib.