XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2019 - 11:54

İran tankerində partlayış olub –Terror ehtimalı var

Səudiyyə Ərəbistanı yaxınlığında İranın neft tankerinin raketlə vurulduğu bildirilir.

Gəminin sahibi Qırmızı Dənizə neft sızması baş verdiyini deyir.

Səudiyyənin Ciddə limanının 100 kilometrliyində gəminin korpusuna iki zərbə endirilib. Məlumatı dövlətə məxsus Milli İran Tanker Şirkəti oktyabrın 11-də yayıb.

Bəyanatda partlayışların “çox güman raket hücumları ilə törədildiyi” qeyd olunur.

Dövlət televiziyası isə Milli İran Neft Şirkətinə istinadla gəminin iki raketlə vurulduğunu xəbər verir.

Səudiyyə rəsmiləri bu insidentlə bağlı hər hansı açıqlama verməyiblər.

“Yanğın baş verməyib”

“Gəminin heyəti salamatdır, gəminin də durumu sabitdir”, – tanker şirkəti gəmidəkilərin ziyanı azaltmağa çalışdığını bildirib.

“Gəminin göyərtəsində yanğın baş verməyib”, – bəyanatda deyilir və tankerin “tamamilə sabit” olduğu vurğulanır.

İran mediası daha öncə partlayışın neft tankerində yanğına səbəb olduğunu yazırdı.

Yarırəsmi ISNA xəbər agentliyinin bildirməsinə görə, partlayış tankerə ağır ziyan vurub.

Agentlik adını çəkmədiyi mənbələrə istinadla yazıb ki, göyərtədəki ekspertlər bunun “terror hücumu” olmasından şübhələnirlər.

ABŞ-ın Bəhreyndəki 5-ci Donanmasının sözçüsü hakimiyyətin “insidentlə bağlı məlumatlardan xəbərdar” olduğunu bildirib, əlavə şərh verməyib.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanında iki neft obyektinə raket və dron hücumları qlobal neft təchizatının 5 faizindən artığına təsirini göstərdi.

Bu hücuma görə Yəməndəki İranın dəstəklədiyi şiəməzhəb husi yaraqlıları məsuliyyəti götürsə də, Səudiyyə Ərəbistanı, Birləşmiş Ştatlar və Qərbi Avropa ölkələri İranı ittiham elədi. İran isə iddiaları rədd etdi.

Birləşmiş Ştatlar ötən il İranla 2015-ci il nüvə sazişindən çıxandan sonra tərəflər arasında gərginlik daha da artıb. (azadliq.org)