XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

12 Oktyabr 2019 - 00:16

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Konqres araşdırmasına ifadə verib –Trampla bağlı

ABŞ-ın Kiyevdəki keçmiş səfiri Marie Yovanovitç, oktyabrın 11-də Konqresdə qapalı dinləmədə ifadə verib.

Dinləməni prezident Donald Trampın impiçment araşdırmasını aparan Xarici İşlər, Kəşfiyyat və Büdcə Nəzarəti komitələri keçirirlər.

Dinləmə qapalı keçirilsə də, Yovanovitçin giriş nitqi açıq dərc olunub.

Keçmiş səfir iddia edib ki, onun bu ilin yazında təcili qaydada geri çağırılması Trampın təşəbbüsü ilə olub.

Yovanovitç deyib ki, prezident onun barəsində yalan məlumat yayanların ona qarşı apardıqları kampaniyaya inanıb.

2016-cı ildən 2019-cu ilin mayınadək ABŞ-ın Ukraynadakı səfiri olmuş Yovanovitç bildirib ki, o öz fəaliyyəti boyunca Birləşmiş Ştatların maraqlarını müdafiə edib və Ukraynadakı korrupsiyaya qarşı mübarizə aparıb.

Keçmiş səfirin sözlərinə görə, onun geri çağırılmasında korrupsiya ilə bağlı olan şəxslər maraqlı ola bilərdilər.

Fəaliyyətinin Ukraynanın yeni prezidenti Vladimir Zelenski tərəfindən mənfi qiymətləndirilməsinə baxmayaraq, Yovanovitç, o vaxt bildirmişdi ki, Zelenskinin prezident seçilməsi Ukrayna xalqının korrupsiyanın kökünün kəsilməsini istədiyini göstərib.

Xanım Yovanovitç habelə deyib ki, keçmiş vitse-prezident Co Baydenin oğlu ilə heç bir münasibəti olmayıb.

Hazırda ABŞ Konqresindəki demokratlar Trampın Ukrayna prezidenti Zelenski ilə 25 iyul tarxli telefon söhbətini araşdırırlar.

Onlar iddia edirlər ki, bu söhbət zamanı Tramp ukraynalı həmkarına təzyiq göstərərək onun Bayden və oğlu haqqında cinayət təhqiqatına başlanmasına göstəriş verməsinə nail olmağa çalışıb.

Donald Tramp bu həftə bildirmişdi ki, onun administrasiyasından olan rəsmilər Konqres təhqiqatı ilə əməkdaşlıq etməyəcəklər. Buna baxmayaraq Yovanovitç əvvəlcədən planlaşdırıldığı kimi Konqresin çağırışı ilə oktyabrın 11-də dinləməyə gəlib.

Ondan əvvəl oktyabrın 3-də ABŞ Dövlət Departamentinin Ukraynadakı xüsusi nümayəndəsi Kurt Volker Konresdə ifadə vermişdi.

Associated Press xəbər verirdi ki, Yovanovitçin səfirlikdən geri çağırılmasına onun Trampın şəxsi vəkili Rudi Ciulianinin Ukrayna tərəfinə Bayden barədə araşdırma aparılmasını istəməsinə dair materialların rəsmi kanallarla ötürülməsini tələb etməsi olub.

Trampın şəxsi vəkili Ukraynada ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və onun oğluna dair cinayət təhqiqatına başlanmasına nail olmaq istəyirdi.

Baydenin oğlu Hunter bir müddət Ukraynadakı enerji şirkətlərindən birində çalışırdı. Tramp ata-oğul Baydenləri korrupsiyada ittiham edir. (amerikanınsəsi.org)