Oktyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına səfər edəcək.
Kreml bir sıra neft razılaşmalarının imzalanacağını bildirir.
Putinin səfəri zamanı Rusiya iqtisadiyyatına sərmayə cəlbi də gözlənir. Bu səfər Moskvanın 3 faizlik artıma nail ola bilmədiyi bir dönəmə düşür.
Siyasi təhlilçi Fyodor Lukyanov “AFP”yə deyib ki, neft Putinlə Səudiyyə Kralı Salman və Vəliəhd Şahzadə Məhəmməd bin Salman arasında “əsas müzakirə mövzusu” olacaq.
Rusiya Səudiyyənin başçılıq etdiyi OPEC-lə sıx əməkdaşlıq edir. OPEC hasilatı məhdudlaşdırmaqla neftin qiymətini yüksəltməyə çalışır. 2014-cü ildə neft ucuzlaşması Rusiya iqtisadiyyatına mənfi təsir göstərib.
Səfərdən öncə Al Arabiya, Sky News Arabia və RT Arabic telekanalarına müsahibəsində Putin deyib ki, o, Səudiyyə kralı və şahzadəsiylə yaxşı münasibətlər tərəfdarıdır.
Siyasi təhlilçi Lukyanovun fikrincə, Putin nüfuzundan istifadə edərək Tehranla ər-Riyad arasında gərginliyi azaltmağa çalışa bilər. Ötən ay Səudiyyədən neft obyektlərinə hücuma görə İran ittiham olunsa da, Tehran ittihamları rədd edib.
Putin oktyabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. (azadliq.org)