XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2019 - 23:55

Vaşinqton və Seul danışıqlar aparacaq- ABŞ qoşunlarının saxlanma xərcləri ilə bağlı

Rəsmi Vaşinqton və Seul gələn həftə Cənubi Koreyadakı ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərclərinin müəyyən edilməsinə dair növbəti dəfə danışıqlar aparacaq.

Azərtac xəbər verir ki, bu barədə Yonhap agentliyi diplomatik mənbələrə istinadla xəbər yayıb. Danışıqların Havay adalarında təşkil olunacağı güman edilir. Cənubi Koreya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, hazırda danışıqların dəqiq vaxtı ilə bağlı son müzakirələr aparılır.

Qeyd edək ki, bu, müttəfiqlərin ABŞ qoşunlarının saxlanması xərcləri ilə bağlı ikinci görüşü olacaq. Ötən ay keçirilən ilk görüşdə Birləşmiş Ştatların 28 min 500 nəfər şəxsi heyəti olan hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülməsinə dair konkret nəticə əldə edilməyib. ABŞ tərəfi rəsmi Seuldan bu məqsəd üçün daha çox vəsait ayırmasını istəyir. Cənubi Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaiti imkanlar daxilində və ədalətli şəkildə çoxalda biləcəyini bəyan edib.

Cənubi Koreya cari il üçün ABŞ qoşunlarının saxlanmasına 1,04 trilyon Koreya vonu (təxminən 861,8 milyon ABŞ dolları) vəsait ayrılmasına razı olmuşdu ki, bu da əvvəlki illə müqayisədə 8,2 faiz çox olub. Tərəflər növbəti il üçün Cənubi Koreyanın ayıracağı vəsaitinin məbləğinə dair ilin sonunadək razılığa gəlməlidirlər.