XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 12:51

Almaniya Rusiyaya 12 min ton uran artığı göndərir – Greenpeace

Greenpeace ətraf mühiti müdafiə kampaniya qrupunun Moskva nümayəndəliyi oktyabrın 23-də bəyan edib ki, Rusiya uranın zənginləşdirilməsindən sonra qalan artıq radioaktiv materialın xaricdən gətirilməsinə başlayıb.

Greenpeace və başqa bir antinüvə qrupu olan Ekozaşita Almaniyanın hökumət sənədlərinə istinadən bildirirlər ki, nüvə qalığı Rusiyaya Almaniyanın Qronaudakı “Urenco” nüvəzənginləşdirmə zavodundan gətirilir.

Sözü gedən qruplar nüvə artığının radioaktiv və zəhərli olması səbəbilə təhlükə yaratmasından narahatdırlar.

“Urenco” şirkətinin Rosatom dövlət konserninin “Tenex” nüvə yanacağı şirkəti ilə müqaviləsi 2019-2022-ci illəri əhatə etməlidir.

Müqaviləyə görə bu müddətdə Yekaterinburq yaxınlığındakı Novouralska 12 min ton uran artığı gətirilməlidir.

“Urenco” may ayından bəri Rusiyaya 4 min ton uran qalığı göndərib.

Greenpeace deyir ki, Rusiyada ümumilikdə 1 milyon tonadək uran qalığı yığılıb və Rusiya bu həcmdə radioaktiv materialı təkrar emal etməyi planlaşdırmır.

“Tenex” şirkətinin oktyabrın 23-də yayılmış bəyantında deyilir ki, Greenpeace qrupunun iddiaları “reallıqdan tamamilə uzaqdır və dezinformasiya kimi qiymətləndirilə bilər”.

Şirkət israr edir ki, uran qalığı radioaktiv tullantı sayılmır.

“Tenex” əlavə edib ki, sözü gedən material təkrar zənginləşdirildikdən sonra xaricə qaytarılır.

Şirkət bunu da bildirir ki, “ikinci dərəcli uran qalığı” Rusiyanın müxtəlif yerlərindəki xüsusi zavodlarda müvəqqəti saxlanır və sonradan istifadə üçün təkrar zənginləşdirilir.

“Urenco” 1990-cı illərdə imzalanmış əvvəlki müqaviləyə uyğun olaraq Rusiyaya uran qalığı göndərirdi.

Beynəlxalq və yerli antinüvə kampaniyaçıları deyirlər ki, uran artığının radioaktivliyi aşağı olsa da, bu material son dərəcə zəhərlidir və açıq hava altında saxlanır.

Rusiya qanunları zənginləşdirmə məqsədilə xaricdən nüvə materialının alınmasını və emaldan sonra xarici təchizatçıya qaytarılmasını qadağan etmir. (azadliq.org)