XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 21:01

Saxarov mükafatı uyğur fəala verildi

Avropa Parlamenti 2019-cu il Saxarov Mükafatını Çində həbsdə olan uyğur fəal Ilham Tohtiyə verib.

Parlamentin prezidenti David Sassoli oktyabrın 24-də mükafatın qalibinin adını açıqlayarkən Çin hakimiyyətini Tohtini “dərhal” azad etməyə çağırıb.

Tohti hazırda separatçılıq ittihamıyla ömürlük həbs cəzası çəkir.

Mükafata onunla birlikdə Keniyada qadın sünnəti ilə mübarizə aparan “The Restorers” qrupunun, Amazon meşələrinin seyrəkləşməsinə qarşı çıxan 3 braziliyalı insan haqları fəalının namizədliyi də verilmişdi.

Mükafatın Tohtiyə verilməsi Çini qəzəbləndirə bilər, çünki bu məsələylə bağlı hər hansı tənqidi rədd edir.

Hazırda Çinin Sincan (Sintzyan) vilayətində 1 milyonadək uyğur və digər müsəlmanlar xüsusi düşərgələrdə saxlanır. Çin onlara təlim keçildiyini desə də, fəallar bu mərkəzləri kütləvi saxlama düşərgələri adlandırır.

Sincandakı hərəkətlərinə görə beynəlxalq qınaqla üzləşən Çin bu yaxınlarda bildirib ki, uzaq qərb regionunda ekstremizmin kökünü kəsmək istəyir, orada islamçı ekstremistlərin “absurd moizələri” bəzi adamları guya “cinayətkar şeytana” çeviribmiş.

Avropa Parlamenti 1988-ci ildə sovet fiziki, Nobel mükafatı laureatı Andrey Saxarovun şərəfinə mükafat təsis edib. Bu mükafat insan haqlarını və fundamental azadlıqları müdafiə edən fərdlərə və təşkilatlara verilir.

Ötən il mükafat ukraynalı kinorejissor Olea Sentsova verilmişdi. O zaman Rusiyada həbsdə olan Sentsov bu il məhbus mübadiləsi çərçivəsində azadlığa çıxıb. O, mükafatını Strasburqda mərasimdə alacaq. (azadliq.org)