XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 23:34

Serbiya Avrasiya İqtisadi İttifaqı ilə saziş imzalayır

Serbiya Avropa İttifaqının üstüörtülü xəbərdarlıqlarına baxmayaraq Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişi imzalayıb.

Serbiya baş naziri Ana Brnabiçin Moskvaya səfəri zamanı imzalanmış bu saziş bundan əvvəl Belqradla Rusiya, Belarus və Qazaxıstan arasında bağlanmış üç azad ticarət sazişini əvəz edəcək.

Lakin Serbiyanın Avrasiya İqtisadi İttifaqının digər iki üzvü, Ermənistan və Qırğızıstanla belə müqavilələri yox idi.

Amma indi imzalanmış saziş Serbiya ilə Avrasiya İqtisadi İttifaqına daxil bütün ölkələr arasında aparılan ticarətdə “gömrük güzəştləri” verir.

Serbiyanın Ticarət Nazirliyi bildirib ki, bu saziş Serbiya mallarının 95, 5 faizinin Avrasiya İqtisadi İttifaqına daxil ölkələrə rüsumsuz ixrac etmək imkanı verir.

Ötən il Serbiyanın Avrasiya İqtisadi İttifaqı ilə ticarət dövriyyəsi 3, 4 milyard dollar təşkil edib.

Serbiya Avropa İttifaqına qoşulmnaq niyyətində olsa da, Moskva ilə sıx münasibətlərini də saxlamağa çalışır.

Müşahidəçilərin fikrincə, bu isə öz növbəsində Moskvaya Avropa İttifaqı və NATO-nun Balkan regionundakı təsirlərini azaltmaq imkanı verir.

Serbiya ilə Avrasiya İqtisadi İttifaqı arasında sazişin bağlanacağına dair söz-söhbət 2016-cı ildən gedirdi.

Ötən həftə Avropa Komissiyasının sözçüsü Maya Koçijankiç demişdi ki, Avropa İttifaqı bu danışıqları “diqqətlə” izləyir və Serbiyadan “Avropa İttifaqının Vahid Xarici və Təhlükəsizlik Siyasətinə uyğun hərəkət gözləyir”.

Koçijankiç vurğulayıb ki, Aİ Serbiyanın əsas ticarət partnyoru olaraq qalır. Serbiyanın ticarətinin 63 faizi məhz Avropa İttifaqı ilədir:

“Rusiya ilə ticarət Serbiyanın ümumi ticarətinin10 faizindən də azdır. Bundan başqa Avropa İttifaqının Serbiyaya yatırdığı investisya Rusiyanın investisiyalarından 10 dəfə çoxdur”.

Serbiyanın BIRODI ictimai rəyi öyrənmə bürosunun son araşdırmasına görə serblərin 45, 5 faizi Avropa İttifaqı üzvlüyünə doğru hərəkəti düzgün xarici siyasət hesab edir. Rusiyanın Avrasiya İqtisadi İttifaqı ilə əlaqələri daha mühüm hesab edənlər 17, 6 faiz təşkil edir.

Ümumilikdə isə serblərin üçdə biri düşünür ki, Serbiya nə NATO, nə Aİ, nə də Aİİ-yə qoşulmalıdır. (azadliq.org)