XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 14:42

Rusiyada Stalin terrorunun qurbanlarını anırlar

Kommunist diktatoru İosif Stalinin Böyük Terrorunun minlərlə qurbanının xatirəsi Moskvada və Rusiyanın bir sıra digər şəhərlərində anılır.

Oktyabrın 29-da Moskvada Siyasi repressiya qurbanlarının anım günü münasibətilə “Adların qayıdışı” aksiyası keçirilir. “Memorial” insan haqları qrupu bu aksiyanı 13-cü dəfədir keçirir.

Səhər saat 10-dan axşam 10-dək Lubyanka meydanında adamlar növbəyə duraraq sovet terroru qurbanlarının adlarını növbəylə səsləndirirlər. Güllələnənlərin adları 12 saat fasiləsiz oxunsa da, bu illər ərzində siyahının ortasına çatmaq mümkün olmayıb. Bunu “Memorial” bildirir. Təkcə Moskvada 40 mindən çox adam güllələnib.

Ümumilikdə isə, 1937-38-ci illərdə 1 milyondan artıq sovet vətəndaşının öldürüldüyü bildirilir.

Memorial 2006-cı ildən bu tədbiri hər il, vaxtilə Sovet KQB-sinin, indi isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin yerləşdiyi binanın qarşısında keçirir.

Təşkilatın bildirməsinə görə, ötən il aksiyada 5 minə yaxın adam iştirak edib. Aksiyanın rəsmi saytında isə birbaşa yayımı onminlərlə adam izləyir.

Tədbir iştirakçıları Memorial-ın Kareliya filialının rəhbəri Yuri Dmitriyevin azad olunmasına çağırıblar. O həm də Sovet ittifaqında törədilmiş cinayətləri ifşa edən tarixçidir.

Dmitriyev ögey qızına cinsi təcavüzdə ittiham olunur, hazırda həbsdədir. Özü və tərəfdarları isə bu ittihamları onun gördüyü işlərə görə cəza hesab edirlər. Tarixçinin fəaliyyəti Kremlin hazırda sovet keçmişini canlandırmaq cəhdləri ətrafında suallar yaradır.

“Memorial” bildirir ki, bu gün və sabah Rusiyanın 35 şəhərində xatirə yürüşləri və mitinqlər keçiriləcək. Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımda, Varşavada, Vaşinqtonda, Nyu Yorkda, Minskdə, Londonda və Praqada da tədbirlər planlaşdırılır. (azadliq.org)