XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Oktyabr 2019 - 13:21

Almaniyalıların çoxu Türkiyənin NATO-dan çıxarılmasını istəyir –Sorğu

Almaniyalıların 58 faizi Suriyadakı son hərbi əməliyyatlardan dolayı Türkiyənin NATO-dan çıxarılmasını istəyir.

Bunu yeni sorğu üzə çıxarıb. Hətta Türkiyəyə iqtisadi sanksiyalar və ixrac qadağaları tərəfdarı olanlar da az deyil. Sorğu haqda “Deutche Welle” radiosu yazır.

Dpa xəbər agentliyinin sifarişi ilə YouGov mərkəzi 25-28 oktyabr tarixlərində 2 mindən çox yetkin yaşlı almaniyalı arasında sorğu keçirib. 58 faiz Türkiyənin NATO-dan çıxarılmasına dəstək bildirib, cəmi 18% bu ideyaya qarşı çıxıb.

Respondentlərin 61 faizi deyib ki, Rəcəp Tayyip Ərdoganın prezidenti olduğu ölkəyə qarşı iqtisadi sanksiya tərəfdarıdır, 69 faizsə silah ixracına tam qadağanı dəstəkləyib.

Mürəkkəb, uzun proses

Türkiyə oktyabrın 9-da Suriyanın şimal-şərqində kürd silahlı birləşmələrinə qarşı əməliyyata başlayıb. BMT bu əməliyyat ucbatından 200 mindən artıq adamın evindən didərgin düşdüyünü deyir. Əvvəlcə ABŞ-ın, daha sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olundu və əməliyyatlar dayandırıldı.

Almaniya hökuməti əməliyyat başlanandan Türkiyəyə silah satışını məhdudlaşdırıb. Ancaq Kansler Angela Merkelin vəd etdiyi kimi, silah satışına tam qadağa qoyulmayıb.

“Deutche Welle” yazır ki, NATO-nun xartiyası bir üzvün alyansdan çıxmasına icazə verir, ancaq bir ölkənin digər üzvlər tərəfindən alyansdan çıxrılmasının mexanizmi yoxdur. Üzvlərdən birinin NATO-dan çıxarılması mürəkkəb, uzun bir proses ola bilər, buna görə bütün üzv ölkələrin ratifikasiyası gərəkər.

Almaniyada Sol partiyadan bir sıra siyasətçilər də Türkiyənin alyansdan çıxarılmasına çağırmışdı. Ancaq keçmiş xarici işlər naziri Siqmar Qabriel “Tagesspiegel” qəzetinə deyib ki, bu, “AB-nin şərq sərhədində böyük təhlükəsizlik riski yaratmış olar”.

NATO-nun ötən həftəki toplantısında üzvlər Türkiyənin Şərqlə Qərb arasında bir körpü kimi strateji əhəmiyyətini vurğulayıblar. Türkiyə ordusuna görə NATO-da ABŞ-dan sonra ikinci yerdədir və alyansın müdafiə qabiliyyətinə töhfəsi böyükdür.

Ankara bu yay Rusiyadan S-400 zenit-raket kompleksi almağa başlayıb. Bu, Türkiyənin NATO tərəfdaşları ilə münasibətlərində gərginliyi artırıb. (azadliq.org)