XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 09:02

Türkiyə Prezidenti Administrasiyası:"ABŞ-da qəbul olunan məlum qanun layihələri müttəfiqlik ruhuna ziddir"

ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı, eləcə də iqtisadi sanksiyaları nəzərdə tutan qanun layihələri ilə əlaqədar Türkiyə tərəfinin etirazları davam edir.

Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” hesabında verdiyi şərhdə ABŞ Nümayəndələr Palatasında “Sülh çeşməsi” əməliyyatı əsas gətirilərək Türkiyəyə sanksiyaların tətbiqinə dair, həmçinin 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıyan qanun layihələrinin qəbul olunmasına etirazını bildirib.

Fəxrəddin Altun qeyd edib ki, ABŞ Nümayəndələr Palatasının Türkiyəyə sanksiyaların tətbiqinə dair qanun layihəsi strateji müttəfiqlik ruhuna ziddir. Layihənin ABŞ ilə Türkiyə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasının nəzərdə tutulduğu bir dövrə təsadüf etməsi ABŞ hökumətinin daha bir hədəfinin iflası kimi dəyərləndirilib.

F.Altun ABŞ Nümayəndələr Palatasında 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıyan qanun layihəsinin səsverməyə çıxarılmasının ABŞ-Türkiyə əlaqələrinə dəyər verən hər kəs üçün narahatverici olduğunu bildirib. O, qanun layihəsinin lehinə səs verənlərin təlatümlü bir bölgədə strateji baxımdan kritik əlaqələrin pozulmasına görə cavabdeh olacaqlarını vurğulayıb. Qeyd olunub ki, Prezident Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə bağlı erməni icmasına başsağlığı verib və məlum hadisələrdən kədərləndiyini bildirib. Həmçinin Birinci Dünya müharibəsində baş verənləri araşdırmaq üçün tarixi komissiyanın qurulmasını da təklif edib. Siyasi ambisiyalar üçün tarixi hadisələrin siyasiləşdirilməsi yolverilməzdir. Ona görə də erməniləri öz tarixlərini siyasi hesabların alətinə çevirməməyi xahiş edirik. Bu bölgədə yüz illərdir birlikdə yaşayırıq. Tarix bizə bölgəmizə hazırda olduqca böyük ağrılar yaşadan xarici qüvvələrin müdaxilələrinin münasibətlərimizə fayda verməyəcəyini öyrədib(azərtac).