Faşist Almaniyasına qarşı qazanılan qələbənin 70-ci ildönümü çərçivəsində Moskvaya gələn Angela Merkel Vladimir Putinlə Kremldə görüşüb. Görüşün ardından təşkil edilən ortaq mətbuat konfransında ilk danışan Putin olub. O, Ukraynada yaşananlar məsələsində Almaniya ilə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib. Buna baxmayaraq, o, böhranın “sülh və diplomatik” yolla həllindən başqa alternativin olmadığı da bildirib.
Putin eyni zamanda Ukraynada sülhün təmin edilməsi üçün Misnk razılaşmasının şərtlərinin yerinə yetirilməsinin vacibliyinə toxunub: “Razılaşma şərtlərinin, çətin də olsa, irəlilədiyini qəbul etmək üçün zəruri səbəblər mövcuddur. Böhranın uzun müddətli və qalıcı həllinin tək yolunun Kiyev ilə Lugansk və Donetsk arasında birbaşa dialoqdan keçdiyinə əminəm “.
Rusiya-Almaniya əlaqələrinin uğurlu bir şəkildə inkişafı üçün çox şey edildiyini dilə gətirən Putinə görə, “bu gün məlum problemlər davam edir. Bu problemlər nə qədər sürətlə həll olunarsa, əlaqələr də o qədər sürətli inkişaf edəcək”.
Almaniyanın Baş naziri Merkel isə Ukrayna böhranının həllində Minsk razılaşmasının əsas zəmin təşkil etdiyini, ölkənin şərqindəki atəşkəs pozuntularından hər iki tərəfin də məsuliyyət daşıdığını bildirib.
Ukraynanın ərazi bütövlüyünün qorunmasının lazım olduğunu vurğulayan Merkel “Minsk razılaşmasının uğurlu olduğunu söyləyə bilmərik. Amma əlimizdə başqa alternativ də yoxdur”- deyib.