XƏBƏR LENTİ

13 Dekabr 2019

Digər Xəbərlər

08 Noyabr 2019 - 11:27

Donald Trampın uşaqlıq illərini keçirdiyi ev satışa çıxarılıb

Prezident Tramp Florida ştatının rəsmi vətəndaşı olduqdan sonra Nyu-York ştatından əlaqələrini kəsir.

İndi ABŞ-ın 45-ci prezidentinin uşaqlıq illərini keçirdiyi beş yataqlı ev satışa çıxarılıb. 1940-cı illərdə prezidentin atası Fred Tramp tərəfindən inşa edilən Nyu-Yorkdakı ev bir neçə dəfə sahibini dəyişib. Tramp ailəsi orada 10 il yaşayıb. Prezident isə ömrünün ilk 4 ilini orada keçirib.

Ağ Evin klassik interyerinə köçməzdən əvvəl Birləşmiş Ştatların 45-ci prezidenti Donald Tramp yaşadığı modern “Trump Tower” və Nyu-Yorkda uşaqlıq illərini keçdiyi neo-Tudor üslubunda tikilmiş evlərindən ləzzət alırdı. Gələcək prezident Nyu-Yorkun Kvins məhəlləsindəki bu evdə cəmi 4 il yaşayıb.

Prezidentin atası Fred Tramp Nyu-York şəhərinin daşınmaz əmlak üzrə məşhur iş adamı idi. Onun inşa etdiyi binalar Nyu-York şəhərinə bu günə qədər də yaraşıq verir. Bu ev onlardan fərqli deyildi. Əmlakçı Mişa Haqani: “Onlar burada 1950-ci illərə qədər yaşayıb. Sonra isə bu evi satıb və yaxınlıqdakı başqa evə köçüblər. Onu pəncərədən görmək olar.”

Bu gün Donald Trampın ilk evi yenidən hərraca çıxarılıb. 2016-cı ilin sonunda Haqani şirkəti malikanəni 140 min dollara, 3 ay sonra isə 2 milyon dollardan çox qiymətə satmağa nail olub. Fevral ayında bu ev yenidən bazara çıxlb və bu dəfə qiyməti demək olar ki, 3 milyon dollar olub. Lakin satışla bağlı müqavilə hələ də imzalanmayıb. “Mən prezidentin bu evi birdəfəlik almasını istəyərdim. Və biz bu evi satmaqdan qurtarardıq” deyə, Mişa Haqani bildirir.

Evin hazırkı sahibi adının açıqlanmasını istəmir. Lakin həmin şəxsin prezidentlə heç bir əlaqəsi olmadığı məlumdur.

2017-ci ildə evin sahibi “Airbnb” veb səhifəsində evin gecəsini 725 dollara kirayə verirdi. Lakin orada qalan turistlər ev çox köhnə olduğu üçün santexnikanın yararsız olduğunu deyirdi.

Təəccüblü burasıdır ki, bu evin tarixi barədə çox az qonşu xəbərdardır. “Mən burada çox yaxşı bir insanın yaşadığını bilirdim. Lakin o, evi satdl” deyə, qonşulardan biri bildirir.

Lakin bəzi yerli sakinlər evin tarixini bilir. Barbara Paddok: “Ümid edirəm ki, fikir ayrılıqları bir kənara qoyula bilər. Onun prezident olduğu və hər hansı digər prezident kimi tarixdə əbədi qalacağı üçün bura qorunub saxlanmalıdır.”

Bu evin satışı noyabrın 14-nə qədər davam edəcək. Yeni sahibi beş yataq otağı, açıq şüşəbəndi, sobası, böyük kitabxanası və Donald Trampın ailə fotolarının və çıxışlarının surətləri olan evə sahib olacaq. (amerikaninsesi.org)