XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

11 Noyabr 2019 - 20:35

“İlin ən yaxşı ataları”:Fin ataları digərlərindən fərqləndirən xüsusiyyətlər hansılardır?

Finlandiyanın Sosial Təminat Nazirliyi “İlin ən yaxşı atası” mükafatını üç kişiyə verib.

2006-cı ildə təsis edilmiş bu mükafat hər il fərqli mövzulara həsr edilir.

2019-cu ilin mövzusu iş və valideyn öhdəlikləri arasındakı balans, o cümlədən, çətin şəraitdə uşaqların tərbiyəsidir.

Tək atalar

Mükafatı alanlardan biri Ermann Utelladır – 2014-cü ildə həyat yoldaşı vəfat edəndən sonra dörd uşağını tək böyüdən ata.

Bir dəfə o, yaşca kiçik olan üç uşağına qaşıqla yemək yedizdirəndə qəfil fərqinə varıb ki, xanımı vəfat edəndən sonra həyatı çox dəyişib.

“Mən başa düşdüm ki, indən belə bütün gündəlik işlərlə və uşaqlara qulluqqla təkbaşına məşğul olacam” – Finlandiyanın “Yle” dövlət televiziyasına müsahibəsində Ermann belə deyib.

Əsas iş yerindən uzunmüddətli məzuniyyət götürən Ermann evdən çalışmağa başlayıb. Bundan başqa, yerli şura, kilsə, müxtəlif təşkilatlar və qohumları da ona kömək ediblər.

“Ümid edirəm ki, uşaqlarım böyüyəndə atalarının analarının vəfatına görə böyük dərd içində olmasına rəğmən onlar üçün əlindən gələn hər şeyi etdiyini düşünəcəklər” – Ermann belə deyir.

Mükafat alanlardan biri də Yukka Lagerblomdur – onu gözəl atalıq nümunəsi göstərdiyi və “Miessakit” Kişilərə Psixoloji Yardım Assosiasiyasına müraciət etdiyi üçün bu mükafata layiq görüblər.

Mükafatın təqdim edildiyi üçüncü şəxs Petri Yaakoladır – alkoqolik ata-ananın yanında böyüməsinə baxmayaraq öz övladlarına ideal atalıq etdiyin görə.

Beş uşağı olan Petri onları tək böyüdür və eyni situasiyada olan ailələrə kömək edir.

Skandinaviyalı atalar

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, məktəb yaşlı uşaqlarla analardan çox ataların məşğul olduğu yeganə ölkə Finlandiyadır.

Digər Skandinaviya ölkələrində olduğu kimi, Finlandiya qanunvericiliyi uşağa qulluq üçün hər iki valideynə məzuniyyət hüququ verir, bir neçə məzuniyyət həftəsi isə məhz kişilər üçün nəzərdə tutulub.

Finlandiyada daha bir qayda var – yeni valideyn olmuş ata-analara körpə üçün lazım olan əşyalardan – gigiyenik salfetlərdən, paltar və oyuncaqlardan ibarət qutu verirlər. Bu qutudan uşaq üçün yataq kimi də istifadə etmək olur.

Amma sosial təminatla bağlı bəzi məsələlərdə Finlandiya digər Skandinaviya ölkələrindən geri qalır.

Məsələn, burada doğum faizi aşağıdır və bu, əmək bazarındakı qeyri-sabitliklə və şəxsi vəsaitlərin azlığıyla izah edilir. Finlandiya hökuməti bu durumdan narahatdır.

10 noyabr Atalar günü artıq təqvimə də daxil edilib, martda qeyd edilən Analar günü kimi. Bu, hakimiyyətin valideyn öhdəliklərinə münasibətini əks etdirir: analar və atalar həm məsuliyyət, həm də istirahət məsələsində bərabərdirlər.

2019-cu ilin iyun ayında sosial-demokrat partiyasından olan Baş nazir Antti Rinne başda olmaqla, Finlandiya hökuməti əmək qanunvericiliyində uşağa qulluq məzuniyyətiylə bağlı islahatlara başlayıb.

Ancaq Ermann Utella deyir ki, ailəni sadəcə əlavə məzuniyyət günləri möhkəmləndirir. O bunun üçün üç şeyi vacib hesab edir – sevgi, azadlığın sərhədləri və yemək.

Ermann deyir ki, uşaqlarına konflikt və mübahisələri özlərinin necə həll etməli olduqlarını öyrədir:

“Üzr istə və bağışla. Əgər ata qəfil yorulub əsəbləşirsə, bunun səbəbini izah edir və üzr istəyir. Mübahisə etmək insanın təbiətində var”. (BBC azeri)