XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

13 Noyabr 2019 - 12:21

Türkiyə gələn yaydan turistlərə yeni vergi tətbiq edə bilər –"Çarpayı vergisi"

Britaniyada çıxan The Sun qəzeti yazır ki, Türkiyə hökuməti ötən həftə keçirilmiş bir media tədbirində ölkəyə gələn turistlərə xüsusi verginin qoyulması planlarını açıqlayıb.

“Çarpayı vergisi” böyüklərə və 12 yaşından yuxarı uşaqlara tətbiq edilməlidir.

Bu planlara görə gündəlik qaydada hesablanacaq verginin məbləği turistin qaldığı otelin ulduz sayından asılı olacaq.

Məsələn beşulduzlu oteldə bir nəfər bir gecə üçün 18 lirə (5.30 manat), dördulduzlu oteldə isə 12 lirə (3.53 manat) ödəməli olacaq.

Üçulduzlu otellər üçün çarpayı vergisi gecəyə 9 lirə (2.65 manat), ikiulduzlu otellər üçünsə 6 lirə (1.77 manat) müəyyən ediləcək.

Qəzet bu vergilərin gələcəkdə arta biləcəyini ehtimal edir.

The Sun yazır ki, dörd nəfərdən ibarət ailənin Türkiyədə beşulduzlu oteldə iki həftəlik istirahəti bu münvalla 140 funt sterlinq (305.95 manat) bahalaşacaq.

Qəzetin yazdığına görə Türkiyədə beşulduzlu oteldə 2 həftə yaşamağlın gələn yay üçün proqnoz qiyməti adambaşına 452 funt sterlinqdir (987.78 manat).

Məqalədə deyilir ki, yeni verginin tətbiqinin dəqiq tarixi verilmir, amma bəzi xəbərlərə görə sistem artıq 2020-ci ilin aprleindən qüvvədə olacaq.

Türkiyə hökuməti ümid edir ki, yeni vergi ölkə büdcəsinə ildə 344 milyon funt sterlinq (751 milyon manat) əlavə gəlir gətirə bilər.

Turist vergisi bir sıra başqa yerlərdə də tətbiq edilir.

The Sun yazır ki, məsələn İbizada turistlər üçün vergi 2018-ci ildən tətbiq olunur və adambaşına bir gecəyə 4 avrodur (7.54 manat).

Lakin indi bu verginin ləğvinə çağırışlar edilir, çünki bu, turizmə “ciddi təhlükə” yarada bilər.

Bir sıra başqa yerlərdə də turist vergisinin tətbiqi barədə düşünürlər.

Məsələn Venesiyaya giriş haqqı olaraq 10 avro (18.72 manat), Bali adasına giriş üçünsə 7 funt sterlinq (15.30 manat) alınmasına dair planlar var.

Britaniyada Edinburq və Oksford şəhərlərində də gündəlik turist vergisinin tətbiq edilməsinə dair təkliflər verilib. (azadliq.org)