XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

13 Noyabr 2019 - 20:11

Ukraynada torpağın satışını qadağan edən moratorium ləğv edildi

Noyabrın 13-də Ukraynada Verxovna Rada kənd təsərrüfatı təyinatlı torpağın alqı-satqısına dair qanun layihəsini birinci oxunuşda qəbul edib.

Parlamentə Nazirlər Kabineti tərəfindən təqdim olunmuş bu sənədin leyhinə 240, əleyhinə isə 226 deputat səs verib.

Qanun layihəsini dəstəkləyənlərin əksəriyyəti prezident Vladimir Zelenskinin tərəfdarı olan “Xalqın xidmətçisi” fraksiyasının üzvləridir.

Müxalifət bu qanun layihəsinin qəbuluna qızğın müqavimət göstərirdi.

Müxalif Batkıvşina və “Həyat Naminə – Müxalifət Platforması” partiyalarının deputatları debatlar zamanı müəyyən müddətdə tribunanı mühasirəyə almışdılar.

Müxalifət hakimiyyəti Ukrayna torpağını oliqarxlar və əcnəbilər üçün satışa çıxarmaqda ittiham edirdi.

Verxovna Radanın binası qarşısında da qanun layihəsi əleydarlarının aksiyası keçirilirdi. Fəallar parlamentin qarşısına içində donuz cəmdəyi olan tabut gətirmişdilər.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski torpağın xaricilərə və xarici şirkətlərə satışının mümkünlüyünə dair ümumxalq səsverməsi – refrendum keçirilməsini təklif etmişdi.

O bir neçə gün bundan əvvəl torpağın alqı-satqısına dair qanun layihəsinin Verxovna Radaya təqdim olunmasını dəstəkləmişdi.

Prezident demişdi ki, hazırda Ukraynada torpağın azad bazarı olmadığı bir vaxtda vətəndaşlar Şimali Koreya, Tajikistan və Venesuelada olduğu kimi torpaq almaqdan məhrumdurlar.

Zelenski demişdi ki, bu qanun layihəsinin əleyhinə “köhnə siyasətçilər” çıxış edirlər.

Bununla yanaşı prezident bildirmişdi ki, qanun layihəsinə torpağın yalnız Ukrayna vətəndaşına satılmasını nəzərdə tutan düzəlişlər ediləcək.

Onun fikrincə torpaq xaricilərə yalnız referendumun qərarı ilə satıla bilər.

Ukraynada hazırda kənd təsərrüfatı təyinatlı torpağın satışı üzərində moratorium mövcuddur.

Bugünkü müzakirə də bu moratoriumun ləğvi barədə idi. Dövlət və kommunal mülkiyyətdə olan torpaqların satışı hərracla həyata keçiriləcək.

Beynəlxalq Valyuta Fondu çoxdan bəridir ki, Ukrayna rəhbərliyini bu moratoriumun ləğv edilməsinə çağırırdı.

BVF bildirirdi ki, moratorium iqtisadiyyatın inkişafına əngəl yaradır. (azadliq.org)